"Türkiyənin Azərbaycanın xarici ticarət dövriyyəsində xüsusi payı var"
"Azərbaycan və Türkiyə arasında iqtisadi və mənfəətli tərəfdaşlıq münasibətlərini qeyd edirəm. Möhtərəm prezident tərəfindən müəyyənləşdirilmiş strategiyaya uyğun olaraq siz xarici ticarət dövriyyəsini daha da genişləndirib ölkəmizin inkişafına öz töhfənizi verirsiniz. Bu baxımdan çox vacib tədbirlərdən biri Antalyada Diplomatiya Forumunun keçirilməsi ilə bağlıdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov spiker Sahibə Qafarovaya müraciətində bildirdi.
O əlavə etdi ki, prezidentin Antalya Diplomatiya Forumuna təşrif etməsi ölkəmizin strateji hədəfləri baxımından önəmli hadisə idi:
"Cənab prezidentin keçirdiyi görüşlər, eyni zamanda forumda müzakirə edilən məsələlər birmənalı şəkildə təsdiq etdi ki, sözügedən tədbir artıq nəinki regional, eyni zamanda qlobal məsələlərin müzakirəsi üçün ciddi platformaya çevrilib. Eyni zamanda Azərbaycan və Türkiyə arasında iqtisadi-strateji münasibətlərin daha da dərinləşməsi müşahidə olunur. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 7 milyard 650 milyon dollar olub. Eyni zamanda ticarət dövriyyəsində Azərbaycanın 5 milyard 34 milyon dollarlıq ixracı olub. Bu rəqəmlər göstərir ki, ikitərəfli iqtisadi-ticarət əlaqələrində Azərbaycan qardaş Türkiyəyə daha çox məhsul ixrac edir. Eyni zamanda Türkiyə Azərbaycanın xarici ticarət dövriyyəsində 11,6 faizlik payla ikinci ən böyük tərəfdaşdır. Nəzərə alsaq ki, İtaliya Azərbaycanın ən böyük tərəfdaşıdır, Türkiyənin də Azərbaycanın xarici ticarət dövriyyəsində xüsusi payı var. Eyni zamanda Azərbaycan ixracatının 15,5 faizi qardaş Türkiyənin payına düşür. Türkiyə ilə münasibətlərimizdə qeyri-neft ixracı üzrə əməkdaşlıq da çox yüksək səviyyədədir. Azərbaycanın qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşı olan Türkiyəyə ixrac edilən qeyri-neft məhsullarının 16,5 faizi məhz qardaş dövlətin payına düşür".
NURİYYƏ













