"Onlar ciddi-cəhdlə çalışırlar ki, bu prosesin qarşısını alsınlar"
"Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə saxta ittihamlarla, əsassız iddialarla dolu qətnamədir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Elman Nəsirov bildirdi.
O vurğuladı ki, İlham Əliyevin rəhbərliyi altında bizim yenilməz ordumuz tarixi Zəfərə imza atdı, ərazi bütövlüyümüzü və suverenliyimizi tam, qəti və əbədi təmin etdi:
"İndi də görürlər ki, bu qələbəni bütün beynəlxalq birlik qəbul edir. Görürlər ki, artıq regionda sülh və xüsusilə də bərpa prosesi gedir. Görürlər ki, Bakı və İrəvan arasında tarixi razılaşmalar əldə olunub, sülh müqaviləsi yaxınlaşır və istisna deyil ki, bu il sülh müqaviləsi imzalana bilər. Belə vəziyyət isə onların yuxusunu haram qatıb. Onlar ciddi-cəhdlə çalışırlar ki, bu prosesin qarşısını alsınlar. Qətnamə aprelin 16-da qəbul olunub. Hesab edirəm ki, zamanın seçilməsi də təsadüfi deyil. Bu, Antalya Diplomatiya Forumunun keçirildiyi vaxta təsadüf edir və həmin forumda bir daha bütün dünyaya bir gerçəklik bəyan edildi ki, Azərbaycan dövləti, onun rəhbəri İlham Əliyev məhz qalib dövlət başçısı kimi iştirak edir. Bütün müzakirələrdə də Azərbaycanın regionda söz sahibi olduğu, sülhə və təhlükəsizliyə ciddi töhfələr verdiyi üzə çıxdı".
NURİYYƏ













