"Qarabağda eyni vəsaitlə daha çox sayda və keyfiyyətli yaşayış sahələri qurmaq mümkündür" - Zahid Oruc

 12:39 21.04.2026     329

"Hesabatda göstərilir ki, bəzi tikinti layihələrinin icrası zamanı dövlət vəsaitlərindən qənaətli və səmərəli istifadə olunmayıb. Sənəddə vurğulanır ki, özəl sektor tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan kommersiya obyektlərinin, bazar komplekslərinin, ticarət və xidmət mərkəzlərinin dövlət büdcəsi hesabına tikilməsi halları mövcuddur. Dövlət resurslarının sosial məqsədlərdən kənara çıxarılaraq kommersiya maraqları üçün istifadə olunması nə dərəcədə məqsədəuyğundur?"

Redaktor.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə Hesablama Palatasının illik hesabatına münasibət bildirərkən dedi.

O əlavə edti ki, yaşayış evlərinin və mənzillərin layihələndirilməsində daha səmərəli yanaşmaların tətbiqi tövsiyə olunub:

"Yəni eyni vəsaitlə daha çox sayda və keyfiyyətli yaşayış sahələri qurmaq mümkündür. Digər mühüm məsələ isə tikintisi tamamlanan obyektlərin istifadəyə verilməsi ilə bağlıdır. Hörmətli Qüdrət müəllim özü də bu məsələyə geniş toxundu. Məsələn, Şuşa Şəhər Mərkəzi Xəstəxanasının tikintisi başa çatsa da, onun istismara qəbulunun gecikməsi, faktiki olaraq istifadəsiz qalması, dövlət balansına qəbulunun ləngiməsi və fiziki aşınmaya məruz qalması hesabat məsələsinə ikiqat məsuliyyətlə yanaşmağı tələb edir. Azad torpaqlarda maliyyə itkiləri, səmərəsizlik, gecikmə və düzgün planlaşdırılmayan hallar digər bölgələrlə müqayisədə daha böyük mənəvi məsuliyyət deməkdir. Çünki yeni Qarabağın inşaası sadəcə iqtisadi məsələ deyil, bütöv millət və dövlət quruculuğunun müqəddəs simvoludur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən