"Dövlət orqanları bir çox hallarda vəsaitləri vaxtında şirkətlərin hesabına köçürmürlər" - Deputat
"Hesablama Palatasının fəaliyyətini yüksək qiymətləndirirəm. Doğrudan da ciddi nöqsanlar aşkar olunur və onların aradan qaldırılması üçün təkliflər verilir. Belə təkliflərdən biri də zamanında tərəfimizdən irəli sürüldü ki, korrupsiyaya qarşı effektiv mübarizə aparmaq və büdcə vəsaitləri hesabına investisiya qoyuluşunun biznesin inkişafına töhfə verməsi üçün əgər dövlət orqanlarında sifarişlə hansısa iş görülürsə, o zaman həmin işi görən şirkətin fəaliyyəti də Hesablama Palatası tərəfindən yoxlanılsın".
Redaktor.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında Hesablama Palatasının ötən ilə dair hesabatının müzakirəsi zamanı dedi.
O hesab edir ki, o zaman daha ciddi nöqsanlar aşkar olunacaq:
"Onlar nədən ibarətdir? Bəlli olacaq ki, dövlət orqanları bir çox hallarda vəsaitləri vaxtında şirkətlərin hesabına köçürmürlər. O şirkətlər məcburdur bankdan gedib daha yüksək faizlərlə, 16 faiz və daha yüksək faizlərlə kreditləşdirilsinlər və gəlirlərinin bir hissəsini banklara vermək məcburiyyətində qalırlar. Bəziləri müxtəlif qorxu ilə, dost-tanışlıqla mənzillərini satırlar ki, o işlər dayanmasın, işlər davam eləsin. Sonra vəsaitlərin bir hissəsi, burada da qeyd elədiyim kimi, korrupsiyaya əsaslanan formada kimlərinsə hesabına silinməkdədir. Vəsaitlərin bir hissəsi gedir nağdlaşdırmaya və belə deyək, başqa görülən işlərlə əlaqədar olmayan xərclərə. Sahibkarlar çox az miqdarda gəlir əldə edirlər və bəzi hallarda ziyanla bu işləri icra edirlər. Demək olar ki, bu işlərlə əlaqədar olaraq bizneslərini dağıdırlar. Bütün bunların qarşısını almaq üçün hesab eləyirəm ki, Hesablama Palatası bəlkə yoxlamaların sayını bir az azaltsın, daha az dövlət orqanlarında yoxlama keçirsin, amma yoxlama aparırsa mütləq qarşıdakı hansı sifarişi veribsə, o işi görən şirkətin də fəaliyyəti yoxlanılsın. O zaman mən hesab eləyirəm ki, həm korrupsiyaya qarşı mübarizə güclənəcək, həm büdcə vəsaitləri səmərəli istifadə olunacaq, həm də nəticələr daha effektiv olacaqdır".
NURİYYƏ













