"Azərbaycan Rusiya-Ukrayna münaqişəsi kontekstində potensial sülh mərkəzinə çevrilə bilər" - Azər Allahverənov

 18:11 27.04.2026     515

"Prezident İlham Əliyevin “Sülh və barışıq üçün Gernika mükafatı"na layiq görülməsini həqiqətən də ölkəmiz üçün çox mühüm siyasi hadisə hesab edirəm və bunu yüksək dəyərləndirirəm. Nəzərə alsaq ki, bu mükafata layiq görülən şəxslər arasında Kofi Annan kimi dünyaca məşhur və nüfuzlu simalar da yer alıb, həmin siyahıda Azərbaycan Prezidenti İlham Əliyevin adının çəkilməsi, şübhəsiz, onun beynəlxalq münasibətlər sistemində sülh prosesinə verdiyi töhfənin ən yüksək qiymətləndirilməsidir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi.

O, əlavə etdi ki, bu səylər təkcə Cənubi Qafqaz bölgəsində deyil, dünyanın bir çox regionlarında, xüsusilə müharibə və münaqişələrin davam etdiyi ərazilərdə də özünü göstərərək mütərəqqi qüvvələr tərəfindən yüksək qiymətləndirilir:

"Bu gün artıq müşahidə edirik ki, Azərbaycan Prezidentinin formalaşdırdığı siyasi reallıq, xüsusilə Cənubi Qafqaz üzrə qurulan təhlükəsizlik arxitekturası, bölgədə dayanıqlı sülhün təmininə xidmət edir. Eyni zamanda, bu siyasi reallıq yalnız sülhün bərqərar olunmasına deyil, həm də region üzərindən dünya, xüsusilə Avrasiya məkanı üçün mühüm əhəmiyyət daşıyan inteqrasiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Məhz bu layihələr vasitəsilə uzunmüddətli inkişaf və rifaha nail olmaq mümkündür. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət də bu istiqamətdə həm regional, həm də qlobal səviyyədə sülhün möhkəmlənməsinə xidmət edir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycanın yürütdüyü siyasət bunun bariz nümunəsidir. Bu siyasət bir çox ölkələrin, xüsusilə Avropa İttifaqına üzv dövlətlərin enerji böhranı ilə üzləşməsinin qarşısını almağa yönəlib. Enerji və digər sahələrdə yaranan böhranlar sonradan ciddi sosial-siyasi gərginliklərə səbəb ola bilər. Azərbaycan isə etibarlı tərəfdaş kimi çıxış edərək bu risklərin azalmasına töhfə verir, eyni zamanda tərəfdaş ölkələrin daha müstəqil və suveren siyasət yürütməsinə şərait yaradır".

Millət vəkili əlavə etdi ki, Azərbaycanın müxtəlif bölgələrdə həyata keçirdiyi humanitar fəaliyyətlər sülhə xidmət edən mühüm addımlardır:

"Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynaya göstərilən humanitar yardımlar, sosial dəstək paketləri, dağıdılmış ərazilərdə bərpa-quruculuq işləri və ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda İran, Qəzza və Suriya istiqamətində həyata keçirilən humanitar dəstək proqramları da ümumilikdə sülhün təşviqinə xidmət edir.

Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlar məsələsinə gəldikdə isə, Azərbaycan bu prosesdə də konstruktiv mövqe nümayiş etdirir. Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan ərazisində danışıqların keçirilməsinə müsbət yanaşdığını bildirib və Rusiya tərəfinin də razılığı olacağı təqdirdə bu prosesdə iştirak etməyə hazır olduğunu qeyd edib. Azərbaycan isə münaqişənin əvvəlindən etibarən bütün məsələlərin danışıqlar yolu ilə həllini dəstəkləyib və vasitəçilik təşəbbüsləri ilə çıxış edib".

Müsahibimizin fikrincə, Azərbaycanın digər regionlarda da vasitəçi kimi çıxış etməsi və dövlətlərarası gərginliyin azaldılmasına töhfə verməsi onun beynəlxalq nüfuzunu daha da artırıb.

"Bu baxımdan, Azərbaycan Rusiya-Ukrayna münaqişəsi kontekstində də potensial sülh mərkəzinə çevrilə bilər. Ölkəmizin həm Rusiya, həm də Ukrayna ilə strateji tərəfdaşlıq münasibətləri və balanslı siyasəti buna imkan yaradır. Azərbaycanın mövqeyi beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə ərazi bütövlüyünün toxunulmazlığına əsaslanır. Bu yanaşma hər iki tərəflə münasibətlərin qorunmasına və etimad mühitinin saxlanmasına şərait yaradır. Hesab edirəm ki, mövcud potensial və təcrübə Azərbaycanın yaxın gələcəkdə sülh danışıqları üçün mühüm platformaya çevrilməsinə imkan verə bilər.

Nəticə etibarilə, tərəflər arasında dialoqun qurulması, danışıqlar masası ətrafında fikir mübadiləsinin aparılması belə, etimad mühitinin formalaşmasına mühüm töhfə verə bilər. Azərbaycanın bu sahədəki təcrübəsi isə belə nəticələrin əldə olunmasını real edir", - deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən