"Revanşistlər hakimiyyətə gələrlərsə, vəziyyət köklü şəkildə dəyişəcək" - Qüdrət Həsənquliyev

 14:42 30.04.2026     436

"Ermənistanla Azərbaycan arasında münasibətlərin inkişaf etməsi və sülh sazişinin imzalanması bölgəyə rifah və inkişaf gətirəcək. İnsanlar sülh, əmin-amanlıq içində yaşamaq, öz uşaqlarını böyütmək, həyatdan müəyyən mənada zövq almaq, sevinmək istəyirlər. Bu baxımdan, əlbəttə, sülh lazımdır və çalışmalıyıq ki, Ermənistanla maksimum qısa müddətdə sülh imzalayaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətinin Ermənistana səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının 13-cü iclasında iştirakını dəyərləndirməsi zamanı səsləndirdi.

Millət vəkilinin fikrincə, bu delimitasiya işlərinin başa çatması da sülhə töhfə verir:

"Artıq sərhədlərdə əsgərlər yaralanmır, həyatlarını itirmirlər. Bu, çox müsbət və böyük bir hadisədir.

Sülh sazişinin imzalanması üçün həm də regionun böyük dövlətlərinin töhfəsi və dəstəyi olmalıdır. Mən bilmirəm, Ermənistanda seçkilər necə başa çatacaq, biz sülh sazişini imzalaya biləcəyik, yoxsa bilməyəcəyik. Mən hər zaman deyirdim ki, Ermənistandakı seçkilərə qədər biz sülh sazişini imzalayaq. Ona görə ki, orada revanşistlər hakimiyyətə gələrlərsə, vəziyyət köklü şəkildə dəyişəcək. Hər halda, ümid edək ki, hər şey müsbətə doğru inkişaf edəcək və biz Ermənistanla sülh sazişi imzalaya biləcəyik".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən