"Mən yüz illərin azadlıq mübarizəsindən gəlirəm" - Parlamentdə diqqətçəkən ÇIXIŞ

 12:05 01.05.2026     456

"1918-ci ilin noyabrında General Tomson Bakı şəhərinə daxil oldu və özünü Bakının general-qubernatoru elan etdi. O, həmçinin bildirdi ki, erməniləri ayrıca dinləyəcək, Azərbaycanı isə müstəqil dövlət kimi qəbul etmir. Parlamentin təşkili məsələsi gündəmə gələndə Baş nazir Fətəli xan Xoyski General Tomsonla görüşdü və onun tələblərinin heç birini qəbul etmədi. General Tomson Fətəli xan Xoyskiyə “Mən generalam, bəs sən kimsən?” deyə sual verdi. Fətəli xan tərcüməçiyə dedi ki, belə tərcümə etsin: “Mən yüz illər boyu azadlıq uğrunda mübarizə aparan bir xalqın Baş naziriyəm". “Amma ordunuz yoxdur”, – deyə General bildirdi. Fətəli xan Xoyski cavab verdi ki, generala izah etsin: o hərbçidir və xalq hərəkatının nə olduğunu bilmir. Bu xalq min illər boyu öz qəhrəmanlığı ilə seçilib və siz cəmi üç min nəfərlik hərbi qüvvə ilə bu böyük şəhərə daxil olmusunuz. Xalqımın qonaqpərvərliyi olmasaydı, həmin üç min əsgəri Xəzər dənizinə atmaq çətin olmazdı".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Anar İsgəndərov bildirdi.

O əlavə etdi ki, nəticədə Fətəli xan Xoyskinin mövqeyi qəbul edildi və 1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti açıldı:

"Bu, dövlətin, hökumətin və hökumət başçısının siyasi iradəsinin və gücünün göstəricisi idi. 1919-cu ildə Paris sülh konfransında ABŞ Prezidenti Vudro Vilson ermənilərə müxtəlif ərazi vədləri verirdi və onları hansısa Avropa dövlətinin himayəsinə verməyə çalışırdı. Lakin proseslərin gedişində bu planlar reallaşmadı. Mübarizə davam etdi və 1920-ci ilin yanvarın 11-də Paris sülh konfransının Ali Şurası Azərbaycanı de-fakto tanıdı. Bu da həm xalqın, həm də rəhbərliyin gücünü göstərdi. Mən tarixçi olaraq Avropa tarixi ilə bağlı bir neçə məqamı qeyd etmək istəyirəm. Araşdırmalarım əsasında belə nəticəyə gəlirəm ki, Osmanlı və Səfəvi dövlətləri dövründə Avropa dövlətlərinin bu dövlətlərə münasibəti səmimi və ədalətli olmayıb. 1813–1828-ci illərdə Cənubi Qafqazın işğalı dövründə də bu münasibət ədalətsiz olub. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan dövlətinə münasibət də eyni xarakter daşıyıb. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa edəndə Ermənistanın işğalına baxmayaraq Avropa susdu, Avropa Parlamenti bu məsələyə münasibət bildirmədi.

Son nəticədə 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin gücünü ortaya qoydu. Ali Baş Komandan Azərbaycan xalqının nəyə qadir olduğunu nümayiş etdirdi və bu, Avropa Parlamenti üçün gözlənilməz oldu. 44 günlük müharibədən sonra Avropanın mövqeyində tərəddüdlər müşahidə olunur. Görünən odur ki, Ermənistan uzun müddət Avropa üçün vasitə rolunu oynayıb. Avropa və onun institutları Azərbaycanı qalib dövlət kimi qəbul etməkdə çətinlik çəkiblər. Tarixə nəzər salsaq, iki dünya müharibəsində Azərbaycanın verdiyi qurbanlara baxmayaraq, bu töhfəyə görə təşəkkür ifadəsi ilə qarşılaşmamışıq. Bu gün Avropanın 16 dövləti enerji və qaz təminatında Azərbaycanın rolundan faydalanır, lakin buna uyğun münasibət görmürük. Bu reallıqlar fonunda hesab edirəm ki, biz qətiyyətli olmalı, gücümüzü göstərməliyik. Qalib Azərbaycanın qalib parlamenti bu istiqamətdə öz prinsipial mövqeyini ifadə etməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən