"Azərbaycan Vaqif Xaçaturyan kimi cinayətkarı azad edir, o isə Robert Köçəryan kimi fiqurlarla görüşür..."

 12:26 01.05.2026     432

"Azərbaycan demokratik hüquqi dövlətdir. Azərbaycan bütün beynəlxalq öhdəliklərinə həmişə əməl edir. Faciələrə və soyqırıma qarşı layiqincə mübarizə aparır. Amma çox təəssüf ki, cinayətkarlığa qarşı mübarizədə bir çox ölkələr və beynəlxalq təşkilatlar bu məsələdə qeyri-adekvat mövqe nümayiş etdirir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Bəxtiyar Əliyev səsləndirdi.

O misal olaraq qeyd etdi ki, Azərbaycana və azərbaycanlılara qarşı soyqırımı törətmiş, ağır cinayətlərə yol vermiş şəxslər bu gün Ermənistanda və digər dövlətlərdə yüksək vəzifələr tutur, o cümlədən Ermənistanın rəhbərliyində təmsil olunurlar və fəaliyyətlərini davam etdirirlər, bu cinayətlərin davam etməsinə çalışırlar.

"Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işlərinin istintaqı aparılıb, bir çox cinayətkarların adları müəyyən edilib. Hesab edirik ki, bu faktlardan çıxış edərək Ermənistan və digər dövlətlər Azərbaycan dövlətinin müraciətlərini nəzərə alacaq və həmin şəxslərin ədalət mühakiməsi qarşısında dayanması üçün zəruri tədbirlər görəcək. Bu günə qədər dörd minə yaxın itkin düşmüş və əsir götürülmüş azərbaycanlının taleyi haqqında məlumat yoxdur. Öz suveren ərazilərimizdə, Ermənistanın işğalı dövründə qətlə yetirilmiş şəxslərin kütləvi məzarlıqları aşkarlanır. Məhkəmə-tibbi ekspertizası həmin şəxslərin şəxsiyyətlərini müəyyənləşdirir. Otuz ildən sonra onlar öz torpaqlarında dəfn edilir. Bu günə qədər 3500 itkin düşmüş azərbaycanlının, o cümlədən uşaqların taleyi haqqında heç bir məlumat yoxdur. Eyni zamanda mina qurbanları ilə bağlı faciələr davam edir. Təxminən 500 dinc azərbaycanlı bu günə qədər Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların qurbanına çevrilib. Bu cinayətləri törədən şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı Ermənistan tərəfindən heç bir addım atılmır. Əksinə, Azərbaycan humanizm prinsiplərini nümayiş etdirir və Vaqif Xaçaturyan kimi cinayətkar şəxsi humanist yanaşma ilə azad edir. Həmin şəxs isə İrəvanda özünə bənzər şəxslərlə, o cümlədən Robert Köçəryan kimi fiqurlarla görüşür, onun seçkilərdə qalib gəlməsini arzulayır və gələcək fəaliyyətlərə dəstək verəcəyini bildirir", - deyə deputat vurğuladı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən