"Avropa Parlamentində tez-tez "hoqqabazlıq" nümunələri ilə qarşılaşırıq" - Fazil Mustafa
Xəbər verdiyimiz kimi, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək.
Bəs Kallasın Azərbaycana gəlməsində səbəb nədir?
Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu səfərdə Avropa Parlamenti ilə bağlı məsələlərin müzakirəsi də nəzərdə tutulacaq:
"Biz, təbii ki, Avropa ilə əməkdaşlığa qarşı deyilik. Lakin bütövlükdə Avropa İttifaqında, xüsusilə də Avropa Parlamentində tez-tez "hoqqabazlıq" nümunələri ilə qarşılaşırıq. Dünyanın bu vaxtında Rusiya-Ukrayna, ABŞ-İran münasibətlərinin bu qədər kəskinləşdiyi bir dövrdə Azərbaycanın hədəf seçilməsi Avropa İttifaqında məhz bu cür qarışdırıcı elementlərin üstünlük təşkil etdiyini göstərir".
Millət vəkili əlavə etdi ki, əgər onlar Azərbaycanla münasibətlərin pozulmasına hansısa "töhfə" verməyə çalışırlarsa, Azərbaycan da öz müstəqilliyinə və müstəqil siyasətinə yönəlmiş davranışlara əhəmiyyətsiz bir məsələ kimi baxır.
"Biz də buna görə sərt reaksiya veririk. Yəni burada daha çox Avropa İttifaqı maraqlı olmalıdır ki, özü ilə normal, neytrallığını qoruyan və Avropanın enerji resursları ilə təmin olunmasında önəmli rol oynayan Azərbaycana münasibətdə bu qədər kəskin rəylər verməsinlər və daha çox Azərbaycanla münasibət qurmağa çalışsınlar", - deyə Fazil Mustafa yekunlaşdırdı.
Xədicə BAXIŞLI













