Kallas Bakıda bəzi suallara cavab verməli olacaq - Deputatdan AÇIQLAMA
"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana növbəti səfəri birmənalı şəkildə müsbət dəyərləndirilməlidir. Bu baxımdan ki, ötən səfər kifayət qədər məhsuldar olmuşdu. Həmin vaxt Avropa İttifaqı ilə Azərbaycan arasında xüsusilə siyasi dialoqun intensivləşdirilməsi, təhlükəsizlik məsələlərinin həlli istiqamətində işlərin koordinasiya olunması, Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edən enerji və nəqliyyat-logistika layihələrinin uğurlu icrası, habelə bütün bu prosesin əsasını təşkil edən strateji tərəfdaşlıq bağları ətrafında müzakirələr aparılmışdı. Hesab edirəm ki, indiki səfər də məhz sonuncu görüş zamanı əldə olunan uğurların inkişaf etdirilməsi baxımından olduqca vacibdir".
Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana planlanan səfərindən danışarkən bildirdi.
Millət vəkili əlavə etdi ki, mövcud şəraitdə Azərbaycanın Avropa Parlamenti ilə bağlı çoxsaylı sualları var və təəssüf ki, Avropa Parlamenti bu sualları cavablandırmaq əvəzinə, ölkəmiz əleyhinə qətnamələr qəbul etməklə məşğuldur.
"Belə olan halda Azərbaycanın haqlı suallarının formalaşması təbiidir. Baş verənlərin səbəblərinin aradan qaldırılması istiqamətində atılan addımlardan biri də məhz Kaya Kallasın səfəridir. Nəticə etibarilə, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin Kallasa çatdırılması və rəsmi Bakının Avropa İttifaqı ilə bağlı suallarının onun tərəfindən cavablandırılması istiqamətində müəyyən gözləntilər mövcuddur. Müzakirələr daha çox bu məsələlər ətrafında aparılacaq.
Şübhəsiz ki, strateji tərəfdaşlıq qeyd etdiyim iki çox vacib sütuna enerji təhlükəsizliyi və nəqliyyat-logistika layihələrinə söykənir. Artıq qısa müddətdə bu layihələrin reallaşacağının şahidi olacağıq. Məhz bu səbəbdən Kaya Kallasın səfəri münasibətlərin yüksək səviyyədə saxlanılması və strateji əlaqələrin daha üst səviyyəyə çıxarılması məqsədi daşıyır. Hərçənd müxtəlif mövzular üzrə konkret suallar sərgilənə bilər, lakin Azərbaycanın Avropa Parlamenti ilə bağlı çoxsaylı suallarının olduğunu nəzərə alsaq, düşünürəm ki, Kaya Kallas bu səfəri zamanı onların müəyyən bir qismini cavablandırmış olacaqdır", - deyə A.Allahverənov vurğuladı.
Xədicə BAXIŞLI













