Boğazlardan keçən gəmilərə rüsum tətbiqi mümkündürmü? - AÇIQLAMA
Məlum olduğu kimi, İran Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq olunacağını açıqlayıb. Bu qərar beynəlxalq dəniz ticarəti baxımından diqqət çəkən addım kimi qiymətləndirilir.
Belə olan halda Türkiyə də İstanbul boğazından keçid üçün rüsum ala bilərmi? Ümumiyyətlə boğazlardan keçən gəmilərdən rüsum tələb edilməsi beynəlxalq hüquqa uyğundur?
Politoloq Əli Mustafa Redaktor.az-a bildirdi ki, Hörmüz boğazında alınacaq rüsumların İran rialı ilə olacağı qeyd edilir.
"Əvvəllər bu ödənişlərin dollar və ya yuanla olacağı deyilirdi, lakin indi onların İran rialı ilə alınacağı bildirilir. Düzdür, bu məsələ ilə bağlı beynəlxalq birlik hələlik razı deyil və fərqli yanaşmalar mövcuddur, amma İranın belə bir niyyəti var. Normalda beynəlxalq dəniz hüququna, yəni dəniz konvensiyasına görə, təbii boğazlardan rüsum alınmır. Yəni Hörmüz boğazı üzərindən keçid sərbəst olmalıdır, lakin İran qaydaları dəyişdiyini bildirir. Türkiyə ilə bağlı konkret danışsaq, İstanbul boğazı və Çanaqqala boğazı üzərindən hərbi gəmilər heç bir rüsum ödəmədən keçir, lakin ticarət gəmiləri üçün müəyyən rüsum tətbiq olunur. Bu ödənişlər xidmət haqqı kimi qiymətləndirilir və sanitar xidmətlər, mayaklar və digər zəruri xidmətlərlə bağlıdır. Bu məbləğ qızıl frankla hesablanır və təxminən 5,83 qızıl frank təşkil edir. Ümumilikdə bu ödənişlər əsasən ticarət gəmilərindən alınır.

Hörmüz boğazı ilə bağlı isə vəziyyət fərqlidir. Hələlik beynəlxalq hüquqa uyğun hesab edilmir, lakin İran tərəfinin mövqeyi kəskindir. Oman dənizi bölgəsində ABŞ-nin təsir və hərbi mövcudluğu olduğu üçün İranın bu qaydaları nə dərəcədə tətbiq edəcəyi tam aydın deyil. İran müəyyən nəzarət imkanına malik olsa da, ABŞ-nin mövcudluğu səbəbindən vəziyyət balanslıdır və hələlik gözləmə mərhələsi davam edir. Ancaq ümumi görünüş ondan ibarətdir ki, İran bu boğazdan keçidə görə rüsum almaqda israrlıdır. Təbii ki, bu ABŞ-İran qarşıdurmasının nəticəsi ilə də bağlıdır və prosesin yekununu gözləmək lazımdır. Eyni zamanda tərəflər arasında danışıqlar da davam edir. Ola bilər ki, qərar ABŞ-İran razılaşmasına uyğun müəyyənləşsin və ya beynəlxalq birlik bu məsələyə müdaxilə etsin. Hələlik proses davam etdiyi üçün yekun qərar yoxdur, amma İran rüsum almaq mövzusunda mövqeyində israrlı qalır", - deyə o qeyd etdi.
NURİYYƏ













