"Ermənistanda yeni konstitusiya layihəsi hazırlanıb" - AÇIQLAMA

 16:32 06.05.2026     686

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Avropa Siyasi Birliyi” sammitində videobağlantı formatında iştirak etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Azərbaycan liderinin İrəvandakı tədbirə onlayn qoşulması, Paşinyanın isə buna müsbət reaksiya verməsi ölkələrimiz arasındakı sülh gündəliyinə nə vəd edir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi bir prosesdir və o davam edir:

"Sülh sazişi Vaşinqtonda paraflanandan sonra onun imzalanmasında problemin olmadığı hər kəsə bəllidir. Azərbaycan tərəfinin buna sadiqliyi bütün bu müddət dövründə bir daha təsdiq olunub və faktiki olaraq iki dövlət arasında olan münaqişədən bəhs edilmir. Paşinyanın indiki durumda təşəkkür etməsi də təbiidir. Çünki Ermənistana iyunun 7- də parlament seçkiləri ərəfəsində sabitlik lazımdır, sülhün qalıcı olaraq davam etməsi Paşinyanın bu seçkilərdə üstünlük qazanmasını təmin edəcək mühüm faktordur. Ermənistanda yaxşı bilirlər ki, Azərbaycanın şərtlərini qəbul etməsələr bu ölkə ilə barışıq arzu olaraq qala bilər. Ermənistan Konstitusiyasının preambula hissəsi və müvafiq maddələri dəyişdirilməlidir, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ortadan qaldırılmalıdır. Ermənistanda yeni konstitusiya layihəsi hazırlanıb, amma mətbuatda hələ elan olunmur. Ehtimal ki, seçkilərdən sonra referenduma start veriləcək. Bu proses müəyyən vaxt apara bilər. Bugünkü sülh gündəminin gələcək aylarda da davam etməsi Ermənistanda baş verəcək siyasi proseslərdən asılı olacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən