Ermənistan Azərbaycanın yaratdığı imkanlardan yararlanır - Makron isə...

 14:20 06.05.2026     364

"Ümumiyyətlə, regionda çox əlverişli vəziyyətin yaranmasına hədsiz dərəcədə səylər sərf edilib, əmək sərf olunub, intellektual potensial qoyulub və bu da öz bəhrəsini verir. Bu baxımdan Ermənistan artıq, demək olar ki, Azərbaycanın yaratdığı imtiyazlı vəziyyətdən layiqincə istifadə edir, yararlanır. Ermənistanda cəmiyyətin Azərbaycana olan münasibəti isə çox ədalətsiz və iddialıdır və bu, onlara başucalığı gətirmir. Çünki faktiki olaraq özləri müharibələrin, ən azı son illər ərzində iki müharibənin səbəbkarı olublar. Digər tərəfdən, bizim torpaqlarımızın 20 faizini alt-üst edərək onu daş dövrünə qaytarıblar. Hazırda biz bunun əzabını yaşayırıq, xərclərini çəkirik, quruculuq və bərpa işlərini həyata keçiririk".

Bu fikirləri Redaktor.az-a Ermənistanın artıq Rusiyadan asılı dövlət kimi tanınmadığından danışan politoloq Tofiq Abbasov bildirdi.

Müsahibimizin sözlərinə görə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra başa düşdü ki, köhnə kurs heç vaxt Ermənistana və onun xalqına rahat həyat gətirməyəcək:

"Digər tərəfdən, bu kurs Ermənistanı davamlı böhranlara sürükləyir və subyektliyini zəiflədir. Müharibədə məğlubiyyətdən sonra isə artıq 5–6 il ərzində tədricən, tələsik olmadan daha sağlam mövqeyə gəlmək zərurəti yaranıb. Onlar başa düşməlidirlər ki, Azərbaycan onlara düşmən deyil, əksinə, düşmənçilik edən tərəf məhz özləri olub. Hazırda tranzitlərin açılması və əlverişli şəraitin yaradılması ilə Azərbaycan Ermənistana kömək edir ki, dərin böhrandan çıxsın, subyektliyini bərpa etsin və sabit, suveren şəkildə yaşamağın üstünlüklərini anlasın. Bu prosesdə Makron (Fransa Prezidenti Emmanuel Makron - red.) amili də mövcuddur. Erməni diaspor strukturları əsasən Fransada, Belçikada və Niderlandda fəaliyyət göstərir və Ermənistanın daxili həyatına təsir etməyə çalışır. Eyni zamanda Azərbaycanın irəli sürdüyü sülh prosesinə mane olmaq, bu gündəliyi zəiflətmək istiqamətində addımlar atırlar. Lakin bu səylər nəticəsizdir, çünki Azərbaycan onların mənfur niyyətlərinin reallaşmasına imkan vermir. Erməni xalqı başa düşməlidir ki, Azərbaycandan onlara yalnız müsbət təsirlər gəlir. Bunun əvəzinə isə bəzi qüvvələr revanşizm meyillərini yenidən gündəmə gətirməyə çalışır. Bu isə artıq mümkün deyil, çünki Azərbaycan öz inkişaf yolunu çoxdan müəyyən edib. Hələ 1990-cı illərin ortalarından etibarən davamlı və dayanıqlı inkişaf proqramları həyata keçirilib. Paytaxt və bölgələrin inkişafı təmin olunur. Əsas məqsəd ordunun gücləndirilməsi, müdafiə potensialının müasir tələblərə uyğunlaşdırılması və torpaq həsrətinə son qoyulması olub".

T.Abbasov əlavə etdi ki, Fransa lideri E.Makron və onun komandası hələ də müəyyən illüziyalarla hərəkət edir və Ermənistanı bu yanaşmalar əsasında dəstəkləməyə çalışır:

"Lakin bu, əslində Ermənistana əlavə problemlər yaradır. Çünki normal həyat yalnız sülh və sabitlik şəraitində mümkündür. Hazırda Azərbaycan yenidən müdafiə potensialına böyük vəsait ayırmağa məcbur qalır. Büdcədə hərbi xərclər və müdafiə sənayesinə ayrılan vəsaitlər ildən-ilə artır. Əgər belə aqressiv qonşuluq olmasaydı, bu resurslar daha çox sosial proqramlara və quruculuq işlərinə yönələcəkdi. Digər tərəfdən, Makron və onun komandası ikili yanaşma sərgiləyir. Bir tərəfdən Azərbaycanın regionda müsbət rolunu qəbul edir, digər tərəfdən isə fərqli siyasət yürüdür. Halbuki Azərbaycanın yaratdığı nəqliyyat və tranzit imkanları, Şərqlə Qərb arasında körpü rolu Avropa üçün də böyük əhəmiyyət daşıyır. Əgər onlar həqiqətən Ermənistan üçün sabit gələcək istəyirlərsə, Azərbaycanın sülh təşəbbüslərinə dəstək verməli və maneçilik törətməməlidirlər. Eyni zamanda anlamalıdırlar ki, bu əməkdaşlıq həm Avropa İttifaqı, həm də region üçün faydalıdır. Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunan bəzi qərarlar isə əsassızdır və ölkəmizə qarşı ittiham xarakteri daşıyır. Azərbaycan bu cür yanaşmalara əhəmiyyət vermir və artıq parlament səviyyəsində bu qurumla münasibətlərin dayandırılması ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, Avropa İttifaqı ilə əlaqələr inkişaf edir və bərabərhüquqlu əməkdaşlıq prinsipi əsasında davam etdirilir. Hesab olunur ki, rəsmi Bakının mövqeyi hər zaman olduğu kimi aydın, şəffaf və mütərəqqidir. Avropa ölkələri və Ermənistan bu reallığı düzgün qiymətləndirməli, sabitlik və inkişafın region üçün əsas prioritet olduğunu nəzərə almalıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən