“İtaliya ilə əlaqələr təsadüfi deyil” - Jalə Əliyeva
"Prezident İlham Əliyevin Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı mətbuata verdiyi bəyanat yalnız cari diplomatik hadisənin qiymətləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycan–İtaliya münasibətlərinin strateji mahiyyətini və gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas istiqamətləri ortaya qoyur".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Jalə Əliyeva Prezident İlham Əliyev ilə İtaliya hökumətinin rəhbəri Ciorcia Meloninin Bakıda mətbuata verdiyi birgə bəyanatlardan danışarkən bildirdi.
Millət vəkili qeyd etdi ki, bəyanatda xüsusi diqqət çəkən məqamlardan biri İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri kimi rolunun vurğulanmasıdır.
"Bu fakt ikitərəfli münasibətlərin təsadüfi deyil, uzunmüddətli və davamlı iqtisadi əsaslara söykəndiyini göstərir. Əlaqələrin mərkəzində dayanan enerji əməkdaşlığı isə yalnız iqtisadi dividendlərlə məhdudlaşmır, həm də tərəflər arasında yüksək etimad səviyyəsinin formalaşdığını nümayiş etdirir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun qabardılması rəsmi Bakının özünü etibarlı və strateji əhəmiyyətli tərəfdaş kimi təqdim etmə xəttinin davamıdır".
Müsahibimizin sözlərinə görə, Cənub Qaz Dəhlizi ilə bağlı vurğular bəyanatın geosiyasi aspektini daha da gücləndirir:
"Bu layihə artıq təkcə enerji infrastrukturu deyil, həm də Azərbaycan ilə Avropa arasında qarşılıqlı asılılığı artıran strateji platforma kimi çıxış edir. İtaliyanın bu dəhlizdə əsas istiqamətlərdən biri kimi qeyd olunması isə Roma ilə Bakı arasında münasibətlərin xüsusi çəkisini və Avropaya çıxış baxımından İtaliyanın rolunu ön plana çıxarır. Eyni zamanda, bəyanatda əməkdaşlığın şaxələndirilməsi məsələsinə toxunulması diqqətəlayiqdir. Enerji sektorundan kənarda sənaye, nəqliyyat, investisiya, yüksək texnologiyalar və “yaşıl enerji” kimi sahələrin qeyd edilməsi göstərir ki, tərəflər münasibətləri daha dayanıqlı və çoxşaxəli etmək niyyətindədirlər. Bu, xüsusilə qlobal enerji bazarlarında transformasiya proseslərinin getdiyi bir dövrdə strateji baxımdan mühüm yanaşma kimi qiymətləndirilə bilər. Siyasi münasibətlərə dair fikirlər isə əməkdaşlığın normativ əsaslarını ortaya qoyur. Qarşılıqlı hörmət və etimad prinsiplərinə istinad edilməsi iki ölkə arasında dialoqun sabitliyini və proqnozlaşdırıla bilən xarakterini izah edir".
J.Əliyevanın sözlərinə görə, beynəlxalq məsələlərdə mövqelərə qarşılıqlı həssas yanaşma isə tərəfdaşlığın yalnız ikitərəfli deyil, daha geniş geosiyasi müstəvidə də uzlaşdığını göstərir.
"Regional kontekstdə səsləndirilən fikirlər bəyanatın daha geniş strateji çərçivəsini tamamlayır. Post-münaqişə dövründə yaranmış yeni reallıqların və Azərbaycanın bərpa-quruculuq fəaliyyətinin vurğulanması rəsmi Bakının regionda formalaşdırmaq istədiyi gündəliyin əsas konturlarını əks etdirir. Sülh və əməkdaşlıq mesajlarının ön plana çəkilməsi isə Azərbaycanın regional sabitlikdə maraqlı tərəf olduğunu bir daha təsdiqləyir. Ümumilikdə, bəyanat göstərir ki, Ciorcia Meloninin Azərbaycana səfəri sadəcə diplomatik protokol hadisəsi deyil, iki ölkə arasında mövcud strateji tərəfdaşlığın dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli mərhələ kimi çıxış edir", - deyə deputat yekunlaşdırdı.
Xədicə BAXIŞLI













