ABŞ Hörmüzdə geri addım atdı: Eskalasiya dayanır, yoxsa təxirə salınır?

 18:59 06.05.2026     411

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Trampın bu addımı İranla münasibətlərin yaxşılaşmasına təkan verəcəkmi?

Politoloq Turab Rzayev Redaktor.az-a açıqlamasında bildirdi ki, burada ABŞ-nin əsas məqsədi hazırkı mərhələdə gərginliyin həddindən artıq artmasının qarşısını almaqdır:

"Çünki bir tərəfdən Trampın Konqresin icazəsi olmadan 60 günlük müharibə aparmaq müddəti başa çatıb və bu amil mütləq nəzərə alınmalıdır. İkinci məsələ ondan ibarətdir ki, ABŞ hazırda regionda müəyyən hazırlıq mərhələsindədir. Lakin hələlik müharibənin növbəti fazasına başlamaq niyyətində deyil. İranın bu “Azadlıq layihəsi”nə sərt reaksiya verməsi isə istər-istəməz ABŞ-ni müəyyən qədər geri çəkilməyə məcbur edir. Belə ki, İran ABŞ gəmilərinə xəbərdarlıq edib, onların yaxınlığında raket partladıb. Gizli şəkildə transponderi söndürərək körfəzə daxil olmağa çalışan gəmilər də eyni qaydada xəbərdar edilib və onlara müvafiq siqnallar göndərilib. Əgər ABŞ gəmiləri fəaliyyətlərini davam etdirsəydi bu, qaçılmaz şəkildə müharibə eskalasiyasına gətirib çıxara bilərdi. Digər tərəfdən, İranın Füceyrədəki terminalı vurması və oradakı tankerlərə zərbə endirməsi onu göstərir ki, İran Hörmüz boğazı blokadasının alternativ yollarla yarılmasına, yəni zəiflədilməsinə imkan verməyəcək".

Müsahibimizin fikrincə, ABŞ hazırkı mərhələdə eskalasiyaya hazır deyil və buna görə də gərginliyin artmasından yayınmağa çalışır.

"Bununla belə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və ABŞ-nin birgə təlimlərdə iştirakını müşahidə edirik. Bu isə onu deməyə əsas verir ki, ABŞ növbəti hücum əməliyyatına hazırlaşa bilər. Hazırlıq tamamlandıqdan sonra isə eskalasiyanın yenidən başlama ehtimalı istisna deyil. Ən azından indiki mərhələdə İranın həyata keçirdiyi bu addımların ABŞ ordusunun bölgəyə cəmləşməsinin, xüsusilə Hörmüz boğazından keçərək körfəzə yerləşməsinin qarşısını müəyyən dərəcədə aldığını görmək mümkündür", - deyə T.Rzayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən