"Çin və Rusiya çalışırlar ki, Amerika İran ərazisində quru əməliyyatlarına başlasın" - Politoloq

 13:08 08.05.2026     659

"Amerika öz maraqlarından çıxış edir və çalışır ki, az itkilərlə öz məqsədinə nail olsun. Amerikanın, xüsusilə də Trampın məqsədi ondan ibarətdir ki, İranda prosesləri nəzarətə götürsün. Siyasi hakimiyyəti, rejimi dəyişməsə belə, hakimiyyətə gələcək qüvvələrin Amerika ilə razılaşdırılmış siyasət yürütməsini istəyir. Yəni istiqamətlərdən biri bundan ibarətdir".

Bu fikirləri Redaktor.az-a danışan politoloq Akif Nağı bildirdi.

Onun sözlərinə görə, ikinci istiqamət İranın neft-qaz potensialını və enerji ehtiyatlarını nəzarətə götürməkdir:

"Bu da əsas məqsədlərdən biridir. Üçüncü istiqamət isə hərbi əməliyyatların gedişində ortaya çıxan Hörmüz boğazı məsələsidir. Məlum oldu ki, Hörmüz boğazı çox ciddi strateji mövqeyə malikdir. İran çalışır ki, ora üzərində təkbaşına nəzarəti əlində saxlasın, amma özü də anlayır ki, bu tam şəkildə mümkün deyil. Böyük ehtimalla, danışıqlarda açıq səsləndirilməsə də, Hörmüz boğazının idarə olunması ilə bağlı Amerika və İran arasında müəyyən razılaşmalar müzakirə olunur. Yəni Amerika bu istiqamətlər üzrə məqsədlərinə çatarsa, yaxın vaxtlarda sülh sazişi imzalana bilər. Amma İran da müqavimət göstərir və maksimum dərəcədə öz maraqlarını qorumağa çalışır. Məsələn, Hörmüz boğazına təkbaşına nəzarət etmək istəyir. Bu, İranın istəyidir, amma buna nail olmaq üçün kifayət qədər gücü yoxdur. İran həm də mövcud rejimi qoruyub saxlamağa çalışır ki, əvvəlki qaydada hakimiyyət davam etsin. Amma bu da çətin görünür, çünki rejimin böhranı artıq özünü göstərir. Digər əsas hədəflərdən biri isə İslam dünyasının liderinə çevrilməkdir. İran bunun üçün ilk növbədə nüvə silahına malik olmaq istəyirdi. Bu istiqamətdə İranın hansı güzəştlərə gedəcəyi vacib məsələdir. Əvvəllər geri çəkilmək istəmirdi, amma son günlərdə belə fikirlər səslənir ki, ən azından nüvə tədqiqatlarını müəyyən müddətə, 10 və ya 15 il üçün dondura bilər. Müxtəlif rəqəmlər çəkilir. Bu istiqamətdə İran geri çəkilməyə məcbur qalacaq. Amerikanın əsas istəklərindən biri də budur ki, İran nüvə proqramının silahlı mərhələyə keçməsinin qarşısını alsın. ABŞ bu məsələdə ciddi tələblər irəli sürür".

Müsahibimiz vurğuladı ki, başqa bir məsələ Amerikanın əsas strateji rəqibinin Çin olmasıdır. ABŞ-nin hazırda Çinlə ciddi rəqabət içində olduğunu deyən A.Nağı hesab edir ki, qarşıdakı onilliklərdə dünyadakı əsas qarşıdurma məhz Amerika ilə Çin arasında olacaq:

"Buna görə də Amerika bütün hərbi gücünü İrana yönəltmək istəmir. Çalışır ki, az qüvvə, az itki və minimum risklə İranla münasibətləri öz maraqlarına uyğun şəkildə nizama salsın. Yəni sazişin bağlanması daha çox Amerikanın istəyindən asılıdır. Çin və Rusiya isə çalışırlar ki, İranla Amerika arasındakı qarşıdurma daha da dərinləşsin. Hətta onların müəyyən maraqları var ki, Amerika İran ərazisində quru əməliyyatlarına başlasın. Amma bu, həm İran, həm də Amerika üçün çox böyük təhlükələr yarada bilər. Amerika bunu anlayır. Ona görə də Trampın siyasəti təxminən “iki addım irəli, bir addım geri” prinsipi ilə davam edir. Müəyyən zərbələr vurulur, sərt addımlar atılır, sonra müəyyən qədər geri çəkilmə baş verir və danışıqlar üçün müstəvi yaradılır. Daha sonra yenidən sərt mövqeyə keçilir. Yəni bu formada Amerika çalışır ki, İranla münasibətləri az itkilərlə tənzimləsin. Bu səbəbdən ən azından atəşkəslə bağlı müəyyən razılaşmanın əldə olunması mümkündür. Amma yekun sülh müqaviləsinin imzalanması, mən hesab edirəm ki, ilin sonuna qədər davam edəcək. Həmin sənədin qısa müddətdə əldə olunması real görünmür".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən