"Azərbaycan və Ukrayna arasında münasibət diplomatik xətt üzrə inkişaf edir"
"Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin sonunda Azərbaycana səfəri və onun ardınca Prezident İlham Əliyevlə telefon danışığının baş tutması iki ölkə arasındakı münasibətlərin sadəcə protokol səviyyəsində deyil, ardıcıl və məqsədyönlü diplomatik xətt üzrə inkişaf etdiyini göstərir".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirdi.
"Bu ardıcıllıq beynəlxalq münasibətlərdə təsadüfi hesab edilmir, çünki yüksək səviyyəli səfərdən qısa müddət sonra baş tutan telefon əlaqəsi adətən müzakirə olunan məsələlərin davam etdirilməsi və icra mexanizminin yoxlanılması funksiyasını daşıyır. Ukrayna üçün bu dinamika xüsusi əhəmiyyət daşıyır. Müharibə şəraitində olan dövlətlər adətən diplomatik əlaqələri genişləndirməyə və mümkün qədər çox regional aktorla paralel kanal yaratmağa çalışırlar. Zelenskinin Azərbaycan səfəri və ardınca əlaqəni telefon diplomatiyası ilə davam etdirməsi Kiyevin beynəlxalq dəstək şəbəkəsini geniş saxlamaq strategiyasının bir hissəsidir. Ukrayna üçün Azərbaycan təkcə siyasi tərəfdaş deyil, həm də enerji təhlükəsizliyi və logistik diversifikasiya baxımından potensial əhəmiyyət daşıyan aktordur. Xüsusilə enerji təchizatı və bərpa prosesləri kimi sahələrdə Bakı ilə əməkdaşlıq Ukraynanın müharibə sonrası və müharibə dövrü ehtiyaclarına uyğun pragmatik seçim kimi görünür. Azərbaycan baxımından isə bu ardıcıl diplomatik təmaslar ölkənin çoxvektorlu xarici siyasət modelini daha da gücləndirir. Bakı uzun illərdir ki, balanslaşdırılmış diplomatiya xətti yürüdərək həm Qərb institutları, həm region dövlətləri, həm də müxtəlif geosiyasi bloklarla paralel münasibətlər saxlayır. Ukrayna ilə aktiv əlaqə bu balansın bir hissəsidir və Azərbaycanın özünü regional vasitəçi və körpü rolunda təqdim etməsinə imkan yaradır. Eyni zamanda, bu cür əlaqələr Azərbaycanın enerji ixracatçısı kimi Avropa siyasi və iqtisadi məkanında əhəmiyyətini də dolayı yolla artırır", - deyə siyasətçi vurğuladı.

Politoloq bildirdi ki, Qəbələdə keçirilmiş görüşdə müzakirə olunan məsələlərin telefon danışığında icra mərhələsi ilə bağlı qiymətləndirilməsi münasibətlərin artıq deklarativ mərhələdən çıxaraq praktiki koordinasiya mərhələsinə keçdiyini göstərir:
"Bu, diplomatiyada mühüm keçid sayılır, çünki tərəflər artıq yalnız mövqe bildirmir, həm də konkret addımların icrasını izləyir. Belə mexanizm münasibətlərin daha institusional və dayanıqlı xarakter almasına şərait yaradır. Regional və qlobal kontekstdə bu proses bir neçə mesaj verir. Birincisi, Ukrayna hələ də aktiv diplomatik subyekt olaraq müxtəlif regionlarla əlaqələrini geniş saxlayır və beynəlxalq dəstək xəttini diversifikasiya edir. İkincisi, Azərbaycan regional güc mərkəzləri arasında balans siyasətini davam etdirir və heç bir bloklaşmaya tam inteqrasiya olmadan çevik diplomatik mövqe qoruyur. Üçüncüsü, bu cür ardıcıl əlaqələr Avrasiyada formalaşan yeni diplomatik modelin göstəricisidir. Burada dövlətlər sərt ittifaq sistemlərindən çox, dəyişkən, çoxkanallı və maraq əsaslı əməkdaşlıq formatlarına üstünlük verirlər".
NURİYYƏ













