"Azərbaycan dünyaya sülh modeli təqdim edib" - Natiq Məmmədli

 15:12 12.05.2026     304

"Bu gün dünyamıza nəzər saldıqda, ölkəmizdən kənarda baş verən proseslərə diqqət yetirdikdə görürük ki, bütün dünyanın, bütün bəşəriyyətin ən çox ehtiyac duyduğu məsələ məhz sülh və firavanlıq içində birgə yaşayışdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.

"Prezident hər bir azərbaycanlı üçün böyük mənəvi əhəmiyyət kəsb edən gündə Ulu Öndərin doğum günündə Zəngilanda sakinlərlə görüş keçirdi və oradan bütün dünyaya bir daha sülh mesajları verdi. Cənab Prezidentin çıxışının bütün məzmununda sülh, birgə yaşayış və ləyaqətli birgə yaşayış mesajları əsas yer tutdu.

Bizim qələbəmizdən artıq kifayət qədər zaman keçib. Biz bu tarixi nailiyyət, onun siyasi və geosiyasi əhəmiyyəti barədə düşünürük. Amma bu qələbənin bir mənəvi dərinliyi, bir mənəvi üstünlüyü də var. Bu da ondan ibarətdir ki, Azərbaycan bütün dünyaya sülh modeli təqdim edib, sülh modeli yaratmış bir dövlətdir.  Prezident çıxışında haqlı olaraq qeyd etdi ki, biz regionda sülhün müəllifiyik. Bu, çox böyük və məsuliyyətli məna daşıyan bir ifadədir. Azərbaycan regionda öz gücünə sülh yaradıb və bu sülh artıq bütün dünya üçün nümunəyə çevrilib.

Bilirsiniz, dünyanın demək olar ki, əksər siyasi liderləri sülh haqqında danışırlar. Amma dünya ictimaiyyəti, xüsusən də media, heç vaxt bu sülh çağırışlarına o qədər də önəm vermir. Lakin prezidentin çıxışını izlədikdə gördük ki, bu çıxış təkcə Azərbaycan və region mediasında deyil, qlobal medianın da müzakirə etdiyi əsas mövzulardan birinə çevrilib.

Nə üçün məhz İlham Əliyevin sülh çağırışına media və insanlar bu qədər böyük önəm verirlər? Bunun çox sadə səbəbi var. Cənab prezident çıxışında xüsusi vurğuladı ki, burada sözlə əməl birliyindən söhbət gedir. Yəni Azərbaycan sülhü sadəcə bir şüar kimi səsləndirmir. Bunun arxasında əməl, Azərbaycan dövlətinin siyasi iradəsi, prezidentin qətiyyəti və praktiki addımları dayanır. Bu baxımdan İlham Əliyevin sülh çağırışı dünyanın digər siyasi liderlərinin sülh çağırışlarından praktiki, siyasi və mənəvi əhəmiyyətinə görə prinsipial şəkildə fərqlənir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən