"ABŞ ilə Çinin uzlaşması bizim üçün də faydalıdır" - Fazil Mustafa

 13:07 14.05.2026     1009

"ABŞ Prezidenti Donald Trampın Çinə səfərinin nəticələri barədə danışmaq tezdir. Amma hesab edirəm ki, dünyanın aparıcı iki gücü müəyyən məqamlarda razılaşa biləcəklər. Çünki heç bir ölkəyə bu cür müharibəyə, yaxud da qarşıdurmaya gətirib çıxaran rəqabət sərf etmir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa ABŞ Prezidentin Donald Trampın ötən gün Çinə etdiyi səfərdən danışarkən bildirdi.

Millət vəkilinin sözlərinə görə, Amerika iqtisadiyyatı bu dəqiqə problemlər yaşayır, eyni zamanda Çin də dünyanın yüksələn nəhənglərindən biridir.

"Hər halda bu istiqamətdə müəyyən münasibətlərin qurulması yaxşı haldır və xüsusilə də Amerika şirkətlərinin təmsilçiləri də bu səfərdə iştirak edirlər. Yəni bu, təkcə Amerikada Trampın marağı məsələsi deyil, ümumiyyətlə Amerika kapitalist elitasının bir marağı məsələsidir. Ona görə də burada bir uzlaşma yaranacağını düşünürəm. Təbii ki, konfliktlər qalacaq, Tayvan məsələsi, İranla bağlı müəyyən məsələlər qalacaq, amma hər halda Çin Amerika ilə münasibətlərin nizamlanması üçün bir çox güzəştlərə hazır olduğunu göstərir. Çünki ağıllı dövlətdir və hər hansı bir müharibə eskalasiyasının Çinə xeyir gətirmədiyini bilir. O baxımdan da uzlaşma gözləniləndir. Bu, bizim üçün də faydalıdır, çünki dünyanın aparıcı gücləri müharibə ritorikasını azaltsalar, müharibə riski azalsa, bölgədə də sabitlik ola bilər və daha rahatlıqla hər ölkə öz probleminin həlli ilə məşğul olmağa çalışar", - deyə F.Mustafa vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən