"TDT 21-ci əsrin ən dinamik inkişaf edən siyasi, iqtisadi və hərbi-strateji güc mərkəzlərindən biridir" - Deputat
"Qazaxıstanda baş tutan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə görüşü türk dünyasının inteqrasiyasında növbəti strateji və tarixi mərhələdir".
Bu fikirləri Redaktor.az-a danışan deputat Bəhruz Məhərrəmov səsləndirdi.
Onun sözlərinə görə, sammit çərçivəsində qəbul edilən qərarlar və imzalanan sənədlər, xüsusilə ticarətin asanlaşdırılması və rəqəmsallaşma sahəsindəki sazişlər "Türk Dünyası Baxışı - 2040" hədəflərinə doğru atılmış hüquqi-praktiki addımlardır:

"Görünən odur ki, təşkilat artıq bəyanatlar mərhələsindən konkret qərarların icrası mərhələsinə keçib. TDT ölkələri ümumilikdə 4,5 trilyon dollardan çox ümumi daxili məhsula malik nəhəng bir iqtisadi coğrafiyadır. Zirvə görüşündə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun logistik imkanlarının genişləndirilməsi, gömrük prosedurlarının rəqəmsallaşdırılması və ticarət dövriyyəsinin artırılmasının əsas hədəf kimi rəsmiləşdirilməsi, heç şübhəsiz ki, Türküstanda əldə olunan ən vacib nailiyyətlərdən hesab olunmalıdır. Hadisələrin arxasında isə dəyişməyən bir reallıq var ki, proseslər Azərbaycanın liderliyi və cənab İlham Əliyevin vahid təhlükəsizlik konsepsiyası əsasında inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təşkilatın lokomotivi kimi müasir geosiyasi gərginliklər fonunda TDT-nin həm də regional sabitliyin təminatçısı rolunu formalaşdıraraq möhkəmlədir. Bu mənada, Qəbələdəki görüşün ardınca Türküstan Sammitində də hərbi və müdafiə sənayesi, həmçinin kibertəhlükəsizlik və informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair bəyanatlar təsadüfi hesab edilə bilməz və keyfiyyətcə yeni dövrdən xəbər verir. Qeyd olunanlar fonunda əminliklə demək mümkündür ki, Qazaxıstan Sammiti sübut etdi ki, TDT XXI əsrin ən dinamik inkişaf edən siyasi, iqtisadi və hərbi-strateji güc mərkəzlərindən biridir və bu inteqrasiya prosesi tarixin axarına ciddi təsir perspektivinə malikdir".
NURİYYƏ













