"Xırda bir insident yetər ki, silahlı qüvvələrə atəş əmri verilsin"

 18:15 20.05.2026     347

"ABŞ/İsrail-İran qarşıdurmasında hərbi əməliyyatlar aparılmasa da, müharibə riski hələ də qalmaqdadır. İsrail ordusunu tam hazırlıq vəziyyətinə gətirib, Birləşmiş Ştatlar isə əlavə qüvvələr toplayır. Doğrudur, müharibə indiki halda daha çox təbliğat və informasiya müstəvisində davam etdirilir. Tərəflər bir-birlərinə psixoloji təzyiq və hərbi güc nümayişi ilə təsir göstərməyə, mövqelərində korrektələr etməyə çalışırlar. Bunun da sonsuzadək davam edəcəyi gözlənilmir".

Bu fikirləri Redaktor.az-a danışan politoloq Əli Orucov səsləndirdi.

Onun sözlərinə görə, Hörmüz boğazının İran tərəfindən bağlanması, ABŞ-nin isə Oman körfəzində hərbi blokada tətbiq etməsi dünya iqtisadiyyatına mənfi təsirlərini saxlamaqdadır:

"Neftin bahalaşması və tədarük zəncirinin qırılması ciddi təlatümlər yaratmaqdadır. ABŞ-nin uzun müddət bölgədə qalması böyük maliyyə itkisinə səbəb olmaqla yanaşı, Trampın ictimai dəstəyinə və siyasi imicinə yaxşı heç nə vəd etmir. Ona görə ABŞ-İran arasında status-kvonun saxlanılması tərəflərin heç birinə sərf etmir. Lakin aktiv hərbi əməliyyatların bərpası da problemin həllinə və Ağ Evin qarşıya qoyduğu məqsədlərə çatacağına zəmanət vermir. Göründüyü kimi, yeni reallıqlar və çətinliklər ortaya çıxarır".

Ə.Orucovun fikrincə, digər bir nüans isə ondan ibarətdir ki, Vaşinqtonun Körfəzdəki ərəb dövlətləri müttəfiqləri də buna ehtiyatla yanaşır və daha çox zərərə məruz qalacaqlarından narahatdırlar:

"Tramp təhdid və şantaj dilindən istifadə etməsinə baxmayaraq, NATO müttəfiqlərinin dəstəyini ala bilmədi. Çin səfəri zamanı İranla bağlı Pekinlə çox ehtimal ki, ortaq mövqeyə gəlinmədi. Bütün bunlar ABŞ-ni düşünməyə, seçim qarşısında qoymağa məcbur edir. Fikrimcə, diplomatik kanallar qapadılmayıb və durum ətrafında işçi qrupları səviyyəsində hansısa işlər aparılır. Publik olaraq İran və ABŞ arasında təməl detallar barədə uzlaşmalar hələ ki, yoxdur. İran Vaşinqtonun tələb etdiyi uranın zənginləşdirilməsindən və raket texnologiyasının təkmilləşdirilməsindən qəti şəkildə imtina edir. Bu o deməkdir ki, müharibə hələ bitməyib. Fasilələrlə hərbi əməliyyatların aktiv fazası başlana bilər. Xırda bir insident yetər ki, silahlı qüvvələrə atəş əmri verilsin. Hələ ki, bölgədə həyəcan qalır və sülh təşəbbüsləri ciddi uğurlu nəticələrini verməyib".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən