Prezidentə təbriklər davam edir - YENİLƏNİB

 21:41 26.05.2026     456

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Bolqarıstan bələdiyyələrinin 10-dan çox meri, həmçinin Bolqarıstanın ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdikləri Sessiya ilə bağlı bizdə olduqca xoş təəssüratlar yarandı. Eyni zamanda, üç ay ərzində Sizinlə keçirilən ikinci ikitərəfli görüşdən məmnunluğumu vurğulayıram. Bu, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun sübutudur.

Münasibətlərimizdəki müsbət siyasi dinamikanın hər iki tərəf üçün faydalı əməli nəticələrə və layihələrə çevrilməli olduğu fikrinizi tamamilə bölüşürəm. Hesab edirəm ki, enerji sahəsində əməkdaşlıqla bağlı danışıqlarımız zamanı əldə edilən razılaşmaların həyata keçirilməsi, Bolqarıstan şirkətlərinə Azərbaycanın təbii qazının tədarükünün artırılması, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında “yaşıl enerji”nin quru yolla ötürülməsi üçün ikinci enerji dəhlizinin müzakirə olunan potensialı münaqişələr və qeyri-sabitlik səbəbindən sarsılmış bugünkü dünyada zəruri investisiyalardır. Sənaye zonaları və texnoloji parklar sahəsində tərəfdaşlıq münasibətlərinin intensivləşdirilməsi, eyni zamanda, xalqlarımız arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi də Bolqarıstan üçün vacib prioritet sahələrdir.

Sizi Bolqarıstanda qonağımız kimi qəbul etmək, Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın dostluq münasibətlərimizin parlaq rəmzi olaraq birgə açılışını etmək mənim üçün şərəf olardı.

Yaxın gələcəkdə Zati-alinizi Bolqarıstanda salamlamaq imkanımın olacağı ümidi ilə Sizə və ailənizə cansağlığı, ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram".

***

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Əziz Dostum.

Serbiya Respublikası vətəndaşları adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edir, ölkənizin və onun vətəndaşlarının gələcək rifahı, tərəqqisi, firavanlığı ilə bağlı ən xoş arzularımı bildirirəm.

Fürsətdən istifadə edərək Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimad, həmrəylik və strateji tərəfdaşlıqla xarakterizə olunan münasibətlərin inkişaf tempindən böyük məmnunluğumu ifadə edirəm.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyasında iştirakım zamanı görüşümüzü xüsusi məmnunluq və minnətdarlıqla xatırlayıram. Yüksək qonaqpərvərlik və səmərəli müzakirələr ölkələrimiz arasında enerji, infrastruktur, investisiyalar və ümumi iqtisadi əlaqələr kimi əhəmiyyətli sahələrdə qarşılıqlı əməkdaşlığı daha da genişləndirmək üçün birgə səylərimizi bir daha təsdiqlədi.

Eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və beynəlxalq hüquqa riayət olunmasının təsdiqi kimi yüksək qiymətləndirdiyimiz Serbiya Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasına verdiyi prinsipial və ardıcıl dəstəyə görə Azərbaycan Respublikasına səmimi təşəkkürümü bildirirəm. Serbiya Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə tam şəkildə sadiq qalır.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizin və xalqınızın xoşbəxt, uğurlu gələcəyi ilə bağlı ən xoş arzularımı bildirirəm.

Azərbaycan və İsveçrə möhkəm ikitərəfli əlaqələrə malikdir. Əminəm ki, Cənubi Qafqazda müsbət dəyişiklikləri nəzərə alaraq, bu əlaqələrimiz qarşıdakı illərdə də konstruktiv şəkildə inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

İndoneziya Respublikasının Prezidenti Prabovo Subianto Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

İndoneziya Respublikasının Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Zati-alinizə və xalqınıza ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.

Dərin və mürəkkəb geosiyasi dəyişikliklərlə səciyyələnən müasir dövrdə Azərbaycan özünü sabitliyin və tərəqqinin mühüm sütunlarından biri kimi uğurla təsdiq etmişdir. Avropa ilə Asiyanın strateji kəsişməsində yerləşən Azərbaycanın təşəbbüskar diplomatiyası, transmilli əlaqələrin inkişafında mühüm rolu və qlobal enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfə ölkənizin müasir beynəlxalq arenada əvəzolunmaz əhəmiyyətini nümayiş etdirir.

İndoneziya Azərbaycanı yalnız dost ölkə kimi deyil, həm də qlobal reallıqların idarə olunmasında mühüm tərəfdaş kimi qiymətləndirir. Ortaq dəyərlərimizi və qarşılıqlı maraqlarımızı nəzərə alaraq, İndoneziya ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinə sadiqdir. Ticarət, enerji və sosial-mədəni əlaqələr kimi əsas sahələrdə yeni əməkdaşlıq imkanlarının genişləndirilməsini səbirsizliklə gözləyirik. Əminəm ki, həm ikitərəfli kontekstdə, həm də çoxtərəfli platformalarda sıx əməkdaşlığımızı davam etdirməklə ölkələrimiz yalnız xalqlarımız üçün daha böyük faydalar yaratmayacaq, eyni zamanda, qlobal sülhə və davamlı inkişafa mühüm töhfələr verəcəklər.

Zati-alinizə möhkəm cansağlığı və davamlı müvəffəqiyyət, Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzularımı səmimiyyətlə çatdırıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

İspaniya Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram".

***

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

İsrail Dövləti və vətəndaşları adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Qoy qürur duyduğumuz bu bayram günü dövlətiniz və xalqınız üçün daha bir sülh, rifah ilinin başlanğıcı olsun!

Azərbaycanla strateji cəhətdən həyati əhəmiyyətli və fəal inkişaf edən əlaqələrimiz İsraildə yüksək dəyərləndirilir. Bu, təkcə siyasətlə məhdudlaşmır, xalqlarımız arasında səmimi dostluq münasibətləri də mövcuddur.

Sizi dost adlandırmaq mənim üçün xüsusi şərəfdir və mən açıq, səmimi dialoqumuza böyük dəyər verirəm. İlin əvvəlində Davosda Sizi görmək fürsətini səmimi-qəlbdən qiymətləndirirəm.

Ortaq bölgəmizdə bir çox çətinliklər var və Azərbaycan ilə İsrail bu mürəkkəb mühitdə sabitliyin iki lövbəri rolunu oynayır. Bundan başqa, mən qəti şəkildə inanıram ki, sıx, ikitərəfli əlaqələrimiz Avrasiyada bir çox digər iştirakçılara müsbət təsir göstərir.

Bu baxımdan, iqtisadi əməkdaşlığımızda, xüsusilə də enerji sahəsində nail olduğumuz əhəmiyyətli irəliləyişlər barədə məlumat əldə etməkdən çox məmnun oldum. Ümid edirəm ki, əlaqələrimiz növbəti ildə də möhkəmlənməyə davam edəcək.

Qoy qarşıdan gələn il böyük Azərbaycan dövləti və onun xalqı üçün davamlı uğurlar və tərəqqi ili olsun!"

Vumart və Güvən reklamı Vumart Güvən