Sərhəd delimitasiyası sülh prosesini irəli apara bilər - Hikmət Babaoğlu
Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamasında bildirib ki, yaxın vaxtlarda sərhədlərin delimitasiyası aparılacaq.
Redaktor.az-a danışan Milli Məclisin deputat Hikmət Babaoğlu qeyd etdi ki, bu, hadisələrin seçkidən sonra da sülh yönündə inkişaf edəcəyi istiqamətində verilən müsbət bir mesajdır:
"Biz artıq bilirik ki, Ermənistan və Azərbaycan tərəfindən sərhədlərin delimitasiya və demarkasiya komissiyası bu prosesin necə aparılacağı ilə bağlı təlimat hazırlayıb. Yerlər müəyyənləşdirilib və konkret müəyyən addımlar atılıb. Yəni delimitasiya-demarkasiya üçün artıq əldə edilmiş ilk təcrübə də var. Ona görə mən düşünürəm ki, bu proses, əlbəttə ki, uzunmüddətli olacaq, amma bütün hallarda prosesi irəli götürmək mümkün olacaq. Sovet sərhədləri məsələsinə gəldikdə isə, şübhəsiz ki, burada ilk növbədə demarkasiya sənədləri dəqiqləşdirilməlidir ki, hansı sənədlər üzərində demarkasiya işi aparılacaq, sonradan delimitasiya prosesi başlasın. Bütün hallarda, əlbəttə ki, iki ölkənin bir-birinin sərhədlərini rəsmən tanıması və delimitasiya-demarkasiya iş prosesi nəticəsində bunu tətbiq etməsi qarşılıqlı etimad və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq".
Aytəkin TOFİQQIZI













