Rusiya-Ukrayna arasında danışıqlar masası boş qalacaq? - ŞƏRH

 14:43 01.06.2026     362

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, növbəti qış başlamazdan əvvəl Rusiya və Ukraynanın diplomatik həll yolu müzakirə etməsi üçün masa arxasına əyləşməsi vacibdir.

Bəs tərəflərin müzakirə aparması və hansısa nəticəni alması mümkündürmü?

Ukrayna liderinin açıqlamasını Redaktor.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildridi ki, Ukrayna savaşı ətrafında olduqca mürəkkəb bir situasiya yaranıb:

"Hər iki tərəf üçün ciddi problemlər mövcuddur. Rusiyanın iqtisadiyyatı Ukrayna savaşının hərbi yükünü çəkməkdə çətinlik çəkir. Ona görə də Rusiya həm daha aqressiv mövqedən çıxış edir, həm də danışıqlara hazır olduğuna yönəlik dolayı mesajlar verir. Digər tərəfdən, Ukrayna üçün də eyni situasiya yaranıb. Çünki ABŞ Ukraynaya silah-sursat təchizatını dayandırıb, maliyyə dəstəyini kəsib. Ukraynaya hərbi texnika verilməsi üçün onun dəyərinin ödənilməsini, həm də Avropa Birliyi ölkələri tərəfindən ödənilməsini tələb edir. Digər tərəfdən də ABŞ Yaxın Şərqdə savaşa bulaşdığı üçün hazırda Ukraynaya hətta dəyəri ödənilən hərbi texnikanı belə göndərməkdə çətinlik çəkir.

Ona görə də Tramp administrasiyası hətta Ukrayna savaşının dayandırılması üzrə sülh danışıqlarından belə müvəqqəti olaraq kənarlaşdığını bəyan edib. Bu məqam hər iki tərəf üçün ciddi problemlər yaradır. Çünki artıq ABŞ vasitəçilik missiyasından imtina etdiyinə görə Rusiya və Ukrayna baş-başa qalmış kimi görünür. Çünki vaxtilə ABŞ sülh prosesinə Avropa ölkələrini daxil etməmişdi, onları kənarda saxlamışdı. Eyni zamanda, Rusiya da Avropa ölkələrinin bu prosesdə iştirakını istəmir".

Elçin Xalidbəyli: Forum qlobal müstəvidə Azərbaycanın önəmli və açıq  mesajlarını əks etdirir – ÖZƏL

Müsahibimiz vurğuladı ki, hər iki tərəf faktiki olaraq savaş meydanında və sülh masasında qarşı-qarşıya, baş-başa qalıblar:

"İndi hər şey onların özlərindən asılıdır. Ona görə də həm Rusiya, həm də Ukrayna qarşılıqlı hərbi zərbələrin intensivləşdirilməsinə və mümkün qədər daha amansız xarakter almasına çalışırlar. Çünki hər iki tərəf anlayır ki, əvvəl-axır sülh masası arxasına keçərək savaşın dayandırılmasının şərtlərini müzakirə etmək məcburiyyətində qalacaqlar.

Ona görə də hər iki tərəf çalışır ki, yaxın gələcəkdə sülh masası arxasına keçmək məcburiyyətində qalacaqları təqdirdə öz mövqelərini daha da möhkəmləndirmiş olsunlar, savaş meydanında daha böyük təsir gücünə malik olsunlar. Bu baxımdan hesab etmək olar ki, Ukrayna və Rusiya arasında sülh danışıqları ehtimalı istənilən halda mövcuddur. Ancaq Rusiya öz iddialarından heç bir şəkildə imtina etmək niyyətində deyil, Ukrayna da Rusiyanın tələblərini yerinə yetirməyə razılaşmaq istəmir. Bu baxımdan ziddiyyətlər kəskinləşib və iki tərəfdən birinin ciddi şəkildə məğlub olması lazımdır ki, sülh danışıqları arxasında hansısa nəticələr əldə olunsun. Hələlik balans savaş meydanında təxminən eyni səviyyədə olduğuna görə, sülh masasında da uğur qazanılması o qədər də inandırıcı görünmür. Bu isə o deməkdir ki, Ukrayna savaşının hələ bir müddət uzanma ehtimalı daha inandırıcı variant kimi ön plana çıxır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən