Sərdar Cəlaloğlu parlamentli respublikanın əleyhinə çıxdı: "Təhlükəli nəticələr doğura bilər"

 17:35 01.06.2026     586

Deputat Qüdrət Həsənquliyev bildirib ki, yeni Konstitusiyanın yaranmasına ehtiyac var. O təklif edir ki, parlamentli respublika modelinə keçmək daha yaxşı olar.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirdi ki, bu gün Azərbaycanın problemi nə qanunların qeyri-təkmilliyi, nə də Konstitusiyanın qeyri-kamilliyidir:

"Azərbaycanda əsas problem Konstitusiya və qanunların işləməməsidir. Hüquqda belə bir prinsip var ki, ən pis işləyən qanun belə, ən yaxşı işləməyən qanundan daha üstündür. Bu gün gedib dünyanın ən ideal konstitusiyasını qəbul edib Azərbaycanda tətbiq etsək belə, ölkədə vəziyyət dəyişməyəcək. Parlamentli respublikaya keçid məsələsinə gəldikdə isə, bunların hamısı ictimaiyyətin diqqətini yayındırmağa və boş yerə siyasi diskussiyalar yaratmağa xidmət edir. Əvvəla, indiki iqtidar heç vaxt parlamentli respublikaya keçidlə bağlı nə yeni konstitusiya qəbul edər, nə də belə bir təşəbbüslə çıxış edər. Bu cür təşəbbüslərin məqsədi ictimai rəyi məşğul etmək və gündəmə yeni mövzular çıxarmaqdır. Uşaqpulu məsələsi bir mövzu idi, qadınların evdə oturması başqa bir mövzu. Bunların hamısı ictimai rəyi manipulyasiya etmək üçün düşünülmüş və planlı şəkildə ortaya atılan fikirlərdir. Bundan sonra da bu qəbildən olan çoxsaylı ideyalar eşidəcəyik. Məqsəd cəmiyyətin diqqətini əsas problemlərdən yayındırmaq və siyasi qüvvələri mənasız müzakirələrə cəlb etməkdir".

Siyasətçinin sözlərinə görə, Azərbaycanda mövcud Konstitusiya işləsəydi, Azərbaycan xalqı indikindən qat-qat varlı, daha ədalətli bir cəmiyyətdə yaşayardı və özünü daha xoşbəxt hiss edərdi:

"Amma problem ondadır ki, Azərbaycanda nə Konstitusiya, nə də qanunlar işləyir. Ölkədə faktiki olaraq hüquqi nihilizm hökm sürür. Ali Məhkəmənin yaydığı hesabata baxsaq, orada göstərilir ki, dövlət məmurları məhkəmə qərarlarını icra etmir və minlərlə icra olunmamış məhkəmə qərarı mövcuddur. Bir dövlətdə ki, dövlət adından çıxarılan qərarlar məmurlar tərəfindən icra olunmur, həmin ölkədə Konstitusiyanın, qanunun, məhkəmə sisteminin və parlamentin mənası ciddi şəkildə sual altına düşür. Azərbaycanda parlament fəaliyyət göstərir. Lakin bu parlamentin adı daha çox cərimələrin artırılması, vətəndaşların üzərinə əlavə yük qoyulması və fiskal təzyiqin gücləndirilməsi kimi məsələlərlə hallanır. Əslində parlamentli respublika modeli belə şəraitdə daha təhlükəli nəticələr doğura bilər. Məsələ hakimiyyət formasında deyil. Dünyada parlamentli respublikalar var ki, orada da özbaşınalıq və korrupsiya mövcuddur. Eyni zamanda prezidentli respublikalar da var ki, həmin problemlərlə üzləşirlər. Yəni dövlət idarəetmə formasının ölkədəki vəziyyətlə birbaşa əlaqəsi yoxdur.

Bu gün parlamentin əsas funksiyalarından biri icra hakimiyyətinə nəzarət etməkdir. Lakin parlament öz mövcud səlahiyyətləri çərçivəsində belə bu funksiyanı lazımi səviyyədə yerinə yetirmir. Sabah bu parlamentə daha böyük səlahiyyətlər verilsə, vəziyyət daha ağır nəticələr doğura bilər. Ölkədə demokratik seçkilər də keçirilmir. Belə bir şəraitdə formalaşan parlamentin xalqın maraqlarını müdafiə etməsi olduqca çətin görünür və onun qəbul etdiyi qərarlar çox zaman vətəndaşların mənafeyinə uyğun olmaya bilər. Hazırkı şəraitdə heç olmasa icra hakimiyyətinin müəyyən səlahiyyətləri mövcuddur və nəzəri olaraq ali icra orqanları xalqın xeyrinə hansısa qərarlar qəbul edə bilər. Ancaq parlamentli respublika modelində bütün hakimiyyət parlamentə keçər və həmin parlament də qeyri-demokratik şəkildə formalaşarsa, bu, Azərbaycan xalqı üçün daha ciddi problemlər yarada bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən