Rusiyanı dayandıracaq sanksiyalar niyə tətbiq edilmir? - AÇIQLAMA
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Ukraynaya endirdiyi zərbələri yalnız Ukrayna və beynəlxalq tərəfdaşların birgə sanksiyaları dayandıra bilər.
Bəs Avropa ölkələri, eləcə də Amerika Rusiyaya qarşı hansı kütləvi sanskiyaları həyata keçirə bilər? Sanksiyalar olarsa, bu, Rusiyanı dayandıra bilərmi?
Redaktor.az-a dnaışan politoloq Samir Hümbətov qeyd etdi ki, bu vaxta qədər Rusiyaya Avropadan, Amerikadan 20-dən yuxarı sanksiya paketi tətbiq edilib:
"Desək ki, heç effektiv olmayıb, bu, bir az qeyri-ciddilik olar. Eyni zamanda, effekti olub da desən, bu da qeyri-ciddi olar. Amma müəyyən dərəcədə təsiri olub. Məsələ burasındadır ki, Avropa da, ABŞ da Rusiyaya qarşı kütləvi sanksiyalar paketini istəyirmi? Buna cavab vermək mümkün deyil, çünki hələ buna nə Avropa, nə də ABŞ tam hazırdır. Əksinə, ABŞ Prezidenti Donald Tramp faktiki olaraq Rusiya neftinə qoyulan sanksiyanı bir müddət öncə aradan götürdü. Müharibədə Ukrayna xalqı sıradan çıxarılır, məhv edilir. Burada nə ingilislər, nə fransızlar, nə ispanlar, nə italyanlar, nə də amerikalılar məhv edilir. Bu səbəbdən onlar bu ağrını hiss edə bilmirlər.
Ukrayna Prezidenti Volodimir Zelenski əslində bir az da bu məsələdə Qərb dövlətlərinə təzyq elementi kimi istifadə etməyə çalışır ki, gəlin bunu birgə edək. Amma məsələ burasındadır ki, Qərb dövlətləri elə bir siyasət tuturlar ki, onlar öz maraqları təmin olunmadığı halda buna getmirlər. Hətta biz bunu ABŞ-İsrailin İrana qarşı müharibəsində də gördük. Böyük Britaniya açıq dəstək vermədi, Fransa dəstək vermədi, hətta İtaliya və İspaniya qarşı çıxdı".

Onun fikrincə, Rusiyanı dayandıra bilmək ehtimalı üçün kütləvi, amma hərtərəfli sanksiya olmalıdır ki, bunu da etmirlər:
"Çünki Rusiya neftinə və Rusiya qazına yenə ehtiyacları var. Onlar Rusiya qazını da, neftini də, Rusiyanın qiymətli metallarını da birinci əldən almırlar, amma ikinci, üçüncü, dördüncü əldən alırlar. Bunu Rusiya da bilir, Ukrayna da bilir, bunu Avropanın özü də, Amerika da bilir. Ona görə də əslində Rusiya-Ukrayna müharibəsi açıq şəkildə bir oyundur, oyun üzərində qurulub və ciddi şəkildə məqsədlərinə nail olmaq üçün hər iki tərəfi tam şəkildə qana verməyə hazırdırlar".
Aytəkin TOFİQQIZI













