İran-İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? - ŞƏRH

 19:35 02.06.2026     460

"Əgər İsrailin Livana hücumları davam etsə, biz təkcə danışıqlar prosesini dayandırmayacağıq, həm də düşmənlə birbaşa qarşıdurmaya girəcəyik". Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

Bəs İranla İsrailin birbaşa qarşıdurması mümkündürmü?

Redaktor.az-a danışan siyasi şərhçi Çingiz Şahbazinin sözlərinə görə, Qalibaf İsrailin Livandakı əməliyyatlarını ABŞ ilə aparılan diplomatik prosesə birbaşa bağlı hesab edir:

"Bu səbəbdən İran rəsmiləri bildirirlər ki, Livanda atəşkəs pozularsa, bunun danışıqlar prosesinə təsiri olacaq. Bu baxımdan Qalibaf İsrailin Livandakı hücumlarını diplomatik prosesin qarşısında duran əsas maneələrdən biri kimi təqdim edir. İran tərəfi artıq ABŞ ilə danışıqları dayandırmaq və ya dondurmaq barədə xəbərdarlıq edib. İranın bu addımı İsrailin Beyrut ətrafında əməliyyatlarını genişləndirməsindən sonra baş verib və Qalibafın verdiyi açıqlama İran mətbuatında məhz bu səbəbdən “müqavimət oxuna dəstək” kimi təqdim olunmaqdadır. Tehran bununla mesaj göndərir ki, Livan cəbhəsi İran üçün İranın daxilindəki təhlükəsizlik qədər vacibdir və bu səbəbdən Livana qarşı hücumlar cavabsız qalmamalıdır".

Müsahibinizi fikrincə, İsrail tərəfi Qalibafın verdiyi açıqlamanı psixoloji və siyasi təzyiq mexanizmi kimi qiymətləndirir və İsrail hökuməti Livandakı əməliyyatların davam edəcəyini, əsas məqsədin isə Hizbullahın hərbi imkanlarını məhdudlaşdırmaq olduğunu bildirib:

"Baxmayaraq ki, ABŞ-nin İsrailə bu istiqamətdə təzyiqləri var, İsrailin Livanın cənubunda hərbi əməliyyatları dayandırmaq niyyəti yoxdur. Vaşinqton hazırda həm Livan, həm də İsrail tərəfinə təzyiqlər göstərir. Çünki bu vəziyyət regional müharibə riskini artırır və İranın bu istiqamətdə verdiyi açıqlamalarda da hədələr var. Bütün bunlar real təhlükə mənbəyi kimi görülməkdədir. Doğrudur, İran tərəfi genişmiqyaslı birbaşa müharibə riskindən çəkinir və buna səbəb olan bütün vasitələrdən yayınmağa çalışır. Tramp administrasiyası da münaqişənin nəzarətdən çıxmasının özləri üçün böyük təhlükələrə yol aça biləcəyini düşünür. Bu baxımdan Vaşinqton tərəflərin atəşkəs rejiminə riayət etməsi üçün təzyiq edir və qarşıdurmanın region ölkələrinə sıçrama ehtimalını azaltmağa çalışır.

Hesab edirəm ki, yaxın gələcəkdə İran və İsrail arasında birbaşa müharibə riski ehtimalı aşağıdır. Bu baxımdan Qalibafın bəyanatı hazırkı mərhələdə siyasi xəbərdarlıq kimi qəbul edilməlidir və əlbəttə ki, çəkindirmə məqsədi daşıyır, nəinki müharibə elanı".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən