Müharibə yenidən başlayır? - ABŞ və İran arasında gərginlik yüksəlir
Xəbər verildiyi kimi, ABŞ ordusu İranın Qeşm adasındakı hədəflərə zərbələr endirərək bir sıra raket və dronları məhv edib. Eyni zamanda İranın Küveytə yönələn hücumu nəticəsində əsas zərbə Küveyt Beynəlxalq Hava Limanına dəyib, ABŞ hərbi obyektlərinə yönələn raket və dronlar isə ya havada zərərsizləşdirilib, ya da hədəfə çatmayıb.
Baş verənlər ABŞ-İran müharibəsinin yenidən müharibə alovlanmasına səbəb ola bilərmi?
Politoloq Zeynal Əmrəliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, tərəflərin arasında müharibənin baş verməsi ehtimalları güclüdür:
"Çünki İran da yenidən Körfəz ölkələrini hədəf seçib və buradakı ABŞ bazalarına zərbələr endirib. Belə görünür ki, müharibənin dayanmasına baxmayaraq, bu, müvəqqəti xarakter daşıyır və müharibə hər an yenidən alovlana bilər. Belə düşünürəm ki, tərəflərin qarşılıqlı şəkildə bir-birini bombalaması İran-Amerika arasındakı münasibətlərin tam həll olunmadığını göstərir. Açığı, bu müddət ərzində real şəkildə heç bir məsələ ilə bağlı razılıq əldə olunmadı. Faktiki olaraq, İranda hakimiyyət SEPAH ali komandanlığının əlindədir. Yəni konkret olaraq SEPAH-ın komandanı Əhməd Vahidi İrana nəzarət edir və belə olan halda hansısa bir şəkildə İran-ABŞ münasibətlərinin inkişafı barəsində söhbət gedə bilməzdi. Belə görünür ki, heç Tramp administrasiyası da İranla münasibətlərin nizamlanmasında maraqlı deyil".

Siyasi şərhçinin fikrincə, ikitərəfli münasibətlərin inkişafı üçün Pakistanın vasitəçiliyi ilə aparılan danışıqların daha intensivləşməsinə ehtiyac var:
"İndiki halda münaqişənin yenidən alovlanması, ABŞ-nin İranın Qeşm adasına zərbələr endirməsi tamamilə yenidən gərginliyin yaranmasına gətirib çıxaran bir faktdır. Üstəlik, Körfəz ölkələrindəki ABŞ bazalarına həyəcan siqnalı verilib və onlar tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Hər an iki ölkə arasındakı müharibə yenidən alovlana bilər və buna ehtimal çox böyükdür. Çox böyük ehtimalla, yay aylarında havalar nisbətən isindikdən sonra yenidən müharibənin növbəti fazasının şahidi olacağıq. Belə görünür ki, bu, yaxın gələcəkdə tamamilə bitməyəcək və mərhələli şəkildə ABŞ və İran arasındakı toqquşmalar davam edəcək".
Aytəkin TOFİQQIZI













