Tramp Paşinyanın qələbəsini əvvəlcədən elan etdi? - Vaşinqtondan İrəvana mesaj

 16:57 03.06.2026     357

"Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir".

Bu barədə ABŞ Prezidenti Donald Trampın “Bakı Enerji Həftəsi”nə ünvanladığı məktubda deyilir.

Trampın bu fikirləri Ermənistanın Baş anziri Nikol Paşinyanın iyunun 7-də keçiriləcək seçkilərdə qalib gələcəyinə də mesaj ola bilərmi?

Siyasi şərhçi Abutalıb Səmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, Ermənistanda seçkiqabağı proses bütün dünyanın diqqət mərkəzindədir. Onun sözlərinə görə, vaxtaşırı keçirilən rəy sorğuları da hər kəs tərəfindən diqqətlə izlənilir:

"Bu sorğular göstərir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi partiya digər siyasi qüvvələri böyük üstünlüklə qabaqlayır. İkinci yerdə qərarlaşan və Rusiyayönümlü mövqeyi heç kimdə şübhə doğurmayan Güclü Ermənistan Partiyası, eləcə də eyni mövqedə dayanan Robert Köçəryanın və digər rəqiblərinin təmsil olunduğu siyasi qüvvələr Paşinyanın rəhbərlik etdiyi partiyadan xeyli geridə qalırlar. Bu barədə, təbii ki, Amerika Prezidentinin də məlumatı var. O da prosesi diqqətlə izləyir və Paşinyana açıq şəkildə dəstək verir. Ola bilsin ki, müraciətində məhz bu məqama da diqqət çəkmək istəyib. Yəni böyük əksəriyyət əmindir ki, seçkilərdə Nikol Paşinyan qalib gələcək və başlanmış siyasi kurs davam etdiriləcək".

Müsahibimiz onu da qeyd etdi ki, Paşinyanın partiyası qalib gəlsə də, iyun ayında ölkələrimiz arasında sülh sazişinin imzalanacağı mümkün deyil:

"Çünki sülh sazişinin imzalanması üçün yeni konstitusiyanın qəbuluna ehtiyac var. Bu konstitusiya isə yalnız referendum yolu ilə qəbul edilə bilər. Referendumun da dərhal keçirilməsi mümkün deyil. Ən azı 3-4 ay sonra belə bir tədbirin təşkil olunması mümkündür. Bu səbəbdən sülh sazişinin çox güman ki, ilin sonlarına doğru imzalanacağı gözlənilir. Konstitusiyanın qəbulunu gözləmədən belə bir addım atıla bilməsi də suallar doğurur. Amma əgər bu mümkün olsaydı və ya Azərbaycan rəhbərliyi bunu mümkün hesab etsəydi, yəqin ki, seçkiqabağı dövrdə də belə bir addım atılardı ki, Paşinyanın mövqeləri bir qədər də möhkəmlənsin. Lakin tamamilə mümkündür ki, Paşinyanın qələbəsindən sonra bu məsələ yenidən müzakirə olunsun və referendumdan əvvəl belə bir addımın atılması zəruri hesab edilsin. Bununla belə, güman edirəm ki, Azərbaycan rəhbərliyi referendumun keçirilməsini gözləyəcək və yalnız yeni konstitusiya referendumda qəbul edildikdən sonra sülh sazişi imzalanacaq. Bu isə parlament seçkilərindən təxminən 4-5 ay sonra baş verə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən