Azərbaycanlı deputatlar Paşinyanın seçkidə şansını dəyərləndirdilər - AÇIQLAMA

 17:58 03.06.2026     400

Bildiyimiz kimi, iyun ayının 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə baş nazir postuna namizədlər Nikol Paşinyan, Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Tsarukyandır.

Bəs bu seçkidə Paşinyanın qalib gəlmə şansı nə qədərdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, Paşinyanın qalib gəlmə şansı böyükdür. Millət vəkili əmindir ki, o, qalib gəlmək fürsətini qaçırmayacaq:

"Təbii ki, həm kənardan müxtəlif təzyiqlər var, həm də daxildə müəyyən revanşist qüvvələrin fəallığı müşahidə olunur. Amma seçki kampaniyasını çox səmimi, açıq və dürüst şəkildə apardığına görə cəmiyyətdən də böyük dəstək alır və yəqin ki, hər hansı ciddi problemlə üzləşməyəcək. Bu seçkiyə bizim marağımız da ondan ibarətdir ki, Paşinyan seçilsin, sülh gündəliyini irəli aparaq və konkret layihələrin həyata keçirilməsinə nail olaq".

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə bildirdi ki, Paşinyan dəfələrlə, o cümlədən müharibədə məğlubiyyətdən sonra keçirilən seçkilərdə də qalib gəlib:

"Ermənistan xalqı ona dəstək verib. Çünki Paşinyan öz proqramını və baxışlarını təqdim edib, müəyyən istiqamətlər üzrə addımlar atmağa hazır olduğunu nümayiş etdirib. Revanşist qüvvələrdən və Qarabağ klanının nümayəndələrindən fərqli olaraq, Paşinyan Türkiyə və Azərbaycanla əməkdaşlıq, eləcə də bölgədə sabitlik və qarşılıqlı münasibətlərin normallaşması tərəfdarı olduğunu bəyan edir. Bu səbəbdən Ermənistan əhalisinin böyük bir hissəsinin ona səs verəcəyi ehtimal olunur. Onun rəqiblərini dəstəkləyənlər arasında daha çox Rusiyada yaşayan diaspor nümayəndələri, revanşist qüvvələr və Qarabağ klanına bağlı şəxslər göstərilir. Lakin onların Ermənistan daxilində geniş ictimai dəstəyə malik olmadığı qeyd edilir. Bununla belə, sabitliyi pozmaq istəyən qüvvələrin ənənəvi təzyiq və təxribat üsullarından istifadə etməsi ehtimalı da istisna deyil. Xatırlatmaq lazımdır ki, vaxtilə Ermənistan parlamentində baş vermiş terror hadisəsi ölkənin siyasi həyatına ciddi təsir göstərmişdi.

Bu baxımdan bəzi qüvvələrin Ermənistanı öz təsir dairəsində saxlamağa çalışdığı barədə fikirlər səsləndirilir. Həmin qüvvələrə xidmət edən, Rusiyada, Avropada və Yaxın Şərqdə yaşayan bəzi diaspora dairələrinin də bölgədə sülhün bərqərar olmasının onların siyasi və maliyyə maraqlarına uyğun gəlmədiyi iddia olunur. Bu səbəbdən onlar proseslərə müxtəlif yollarla təsir göstərməyə çalışırlar. Lakin Ermənistanda yaşayan insanların böyük hissəsi uzun illər davam edən qarşıdurmalardan və hərbi gərginlikdən yorulub. Cəmiyyətdə sülhə və sabitliyə tələbat artır. Bu baxımdan hesab olunur ki, seçicilərin əhəmiyyətli hissəsi Paşinyana dəstək verəcək".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən