"Ermənistanın Vaşinqtonda ona verilən “ev tapşırıqlarını” yerinə yetirməsini gözləyirik" - Deputat
"ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub bir neçə strateji mesajı özündə ehtiva edir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirdi.
Onun sözlərinə görə, burada təkcə Azərbaycanın enerji təhlükəsizliyində liderliyi və Birləşmiş Ştatların Azərbaycanın enerji sənayesinə sadiqliyinin vurğulanması deyil, eyni zamanda sülh və təhlükəsizliklə bağlı məsələlər də yer alır:
"Bu mənada hətta enerji sahəsində inteqrasiya Vaşinqtonda əldə olunmuş sülhün əsas sütunlarından biri kimi təqdim olunur. Bu yanaşma həm də onunla izah edilir ki, enerji təhlükəsizliyi ümumilikdə milli təhlükəsizliyin vacib seqmentlərindən biridir. Enerji təhlükəsizliyi sahəsində tərəflər arasında əməkdaşlıq olarsa, bu, ümumilikdə regionda təhlükəsizliyə, sabitliyə və sülhə xidmət edən mühüm və dinamik inkişaf edən sahə kimi qiymətləndirilə bilər".
Millət vəkili əlavə etdi ki, bütün bu əməkdaşlıqlara start vermək və sonradan onları inteqrasiya mərhələsinə transformasiya etmək üçün Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün təmin olunması, eləcə də Ermənistanda sülh gündəliyini dəstəkləyən qüvvələrin hakimiyyətə gəlməsi və ya hakimiyyətdə qalması çox vacib faktorlardan biridir:
"Bu mənada Ermənistanla davamlı sülhün əldə olunması ilə yanaşı, dövlətlərarası münasibətlərin normallaşdırılması da paralel aparılacaq prosesdir. Ötən ilin avqustunda Vaşinqtonda Ermənistanla paraflanmış saziş də məhz belə adlanırdı. Yəni bu sənəd iki əsas istiqaməti özündə ehtiva edirdi. İmzalanacaq sülh və dövlətlərarası münasibətlərin normallaşdırılması haqqında sənəd bundan sonra Ermənistanla formalaşdırılacaq müqavilə hüquq bazasının təməl sənədi olacaq və ona istinad ediləcəkdir. Ayrı-ayrı sahəvi sənədlər imzalanarkən, müxtəlif əməkdaşlıq istiqamətləri üzrə anlaşma memorandumları hazırlanarkən bu sənəd əsas istinad mənbəyi rolunu oynayacaq. Çünki bu, təməl və istiqamətverici sənəddir. Bir sözlə, 17 bənddən ibarət olan bu sülh sazişin imzalanması sonrakı siyasi, hüquqi və onun əsasında formalaşacaq institusional əməkdaşlıq üçün baza rolunu oynayacaq. Azərbaycanın sənədin imzalanması ilə bağlı şərti bəllidir və Azərbaycan bu sənədin imzalanmasına hər zaman hazırdır. Yetər ki, Ermənistan həmin şərti yerinə yetirsin və onların icrasını təmin etmək üçün siyasi iradə ortaya qoysun".
Müsahibimiz qeyd etdi ki, Prezident Trampın “iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyirəm” ifadəsindən irəli gələn məqamlardan biri də Ermənistanda sülh gündəliyini dəstəkləyən qüvvələrin seçkilərdə qalib gəlməsi ilə bağlı verilən mesaj kimi qiymətləndirilə bilər.
"Bundan əvvəl də bu istiqamətdə müəyyən mesajlar verilmişdi. Məsələn, Rubionun səfəri və vitse-prezident Cey Di Vensin səfəri zamanı da oxşar məzmunlu mesajlar səsləndirilmişdi. Azərbaycan işğala son qoymaqla regionda yeni siyasi reallıqları formalaşdıran dövlətdir. Bundan sonrakı əməkdaşlıq və sabitlik istiqamətində həyata keçirilən layihələr də Prezident İlham Əliyevin strateji baxışlarına uyğun şəkildə reallaşdırılır. Biz həmin sülh, əməkdaşlıq və inteqrasiya gündəliyində Ermənistanı da görmək istəyirik və Ermənistandan Vaşinqtonda üzərinə götürdüyü öhdəlikləri, başqa sözlə, ona verilən “ev tapşırıqlarını” yerinə yetirməsini gözləyirik", - deyə Rizvan Nəbiyev yekunlaşdırdı.
Xədicə BAXIŞLI













