Ermənistanda seçkilər geosiyasi savaşa çevrilir: Rusiya və ABŞ üz-üzə

 20:33 04.06.2026     386

"Rusiyanın Ermənistandakı seçkilərdə Paşinyanın əleyhinə fəaliyyət göstərdiyi və onun məğlub olması istiqamətində çalışdığı sirr deyil. Xüsusən seçki kampaniyası dövründə baş verən hadisələr bunu açıq şəkildə göstərir. Rusiya tərəfi artıq erməni məhsullarının Rusiya bazarına, eləcə də Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə ixracına müxtəlif məhdudiyyətlər tətbiq edir. Burada əsas məqsəd erməni iş adamlarının Paşinyana qarşı mövqe sərgiləməsinə nail olmaqdır".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi.

Onun sözlərinə görə, Rusiya rəsmiləri, siyasətçiləri və media qurumları Paşinyan əleyhinə geniş kampaniya aparırlar.

"Əsas tezis ondan ibarətdir ki, Paşinyan hakimiyyətinin yürüdüyü siyasət Ermənistanı iqtisadi baxımdan çətin vəziyyətə sürükləyir. Məsələn, iddia edilir ki, Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi Rusiya qazının daha baha qiymətə satılmasına, eləcə də ölkənin Avrasiya İqtisadi İttifaqı bazarına çıxış imkanlarının məhdudlaşmasına səbəb olacaq. Təbii ki, bütün bunların Ermənistana iqtisadi itkilər verəcəyi vurğulanır. Rusiya bu yanaşmanı praktiki müstəvidə də nümayiş etdirməyə çalışır və erməni seçicilərinə, xüsusilə də sosial-iqtisadi problemlərin Paşinyanın siyasətinin nəticəsi olduğunu çatdırmaq istəyir. Mesaj ondan ibarətdir ki, Paşinyan yenidən seçilərsə, ölkədə sosial-iqtisadi vəziyyət daha da çətinləşəcək. Bu fikirlər Rusiya tərəfindən açıq şəkildə səsləndirilir və hətta Prezident Vladimir Putin səviyyəsində də oxşar mesajlar verilib. Eyni zamanda, Rusiya praktiki addımlar da atır. Xüsusilə, erməni məhsullarının idxalına qoyulan məhdudiyyətlər bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bütün bunları nəzərə aldıqda, demək olar ki, Rusiya Paşinyan hakimiyyətinin zəiflədilməsi və ya dəyişdirilməsi istiqamətində fəaliyyət göstərir".

Müsahibimiz Rusiyanın bu məqsədinə nə dərəcədə nail ola biləcəyinin hələ də sual altında olduğunu bildirdi:

"Moskva da anlayır ki, Paşinyanın reytinqi ona seçkilərdə yenidən qalib gəlmək imkanı verir. Buna baxmayaraq, Paşinyana qarşı açıq kampaniyanın aparılması onun seçkidə mümkün qələbəsini minimum səviyyəyə endirmək məqsədi daşıyır. Rusiyanın əsas məqsədi Paşinyanın seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırılmasıdır. Əgər buna nail olmaq mümkün olmasa belə, Moskva çalışır ki, Paşinyan hökuməti təkbaşına formalaşdırmaq imkanı əldə etməsin. Çünki Paşinyanın 50 faizdən çox səs qazanması ona hökuməti müstəqil şəkildə qurmaq imkanı verəcək. Rusiya isə bunun qarşısını almağa və özünün dəstəklədiyi, xüsusilə revanşist mövqedə olan müxalif qüvvələrin parlamentdə daha geniş təmsil olunmasına çalışır. Əgər seçkilərdən sonra Paşinyan qalib gəlsə, lakin hökuməti təkbaşına formalaşdıra bilməsə və Rusiyanın dəstəklədiyi müxalifət parlamentdə əvvəlkindən daha çox mandat əldə etsə, bu, Moskvanın İrəvana qarşı siyasi təsir imkanlarını artıracaq. Yəni Rusiya həm Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ssenarisi üzərində işləyir, həm də bu baş vermədiyi halda onun daha zəif hakimiyyətə çevrilməsini istəyir. Bu kontekstdə Rubenin səsləndirdiyi fikirlərin müəyyən reallıqlara söykəndiyini demək olar. Lakin onun Rusiyanı Paşinyanın devrilməsinə çalışmaqda ittiham etməsi göstərir ki, Ermənistandakı seçki prosesi artıq təkcə daxili siyasi məsələ deyil. Bu proses regional və qlobal geosiyasi rəqabətin tərkib hissəsinə çevrilib".

Siyasi şərhçinin fikrincə, Avropa İttifaqının və ABŞ-nin Paşinyana verdiyi dəstək, Rusiyanın isə onun rəqiblərini dəstəkləməsi seçkilərin geosiyasi xarakter daşıdığını təsdiqləyir:

"Bu isə Ermənistan üçün müsbət perspektivlər vəd etmir. Çünki geosiyasi maraqların bu qədər yüksək olduğu bir seçkidə nəticənin bütün tərəfləri qane etməsi çətindir. Bu da seçkidən sonrakı dövrdə qarşıdurma və iğtişaş risklərini artırır. Hesab edirəm ki, Rubenin açıqlaması həm də seçkidən sonrakı mərhələdə Ermənistanda mümkün siyasi gərginliklərin anonsu kimi qiymətləndirilə bilər. Bu, geosiyasi rəqabətin nəticəsi olaraq yarana biləcək qarşıdurmaların mümkün siqnallarından biridir. Digər tərəfdən, Ruben bu açıqlama ilə Ermənistan hakimiyyətinə mesaj verir ki, əgər Paşinyan seçkilərdə qalib gəlsə, ölkə Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. Hesab edirəm ki, ABŞ də məhz Rubenin dili ilə Ermənistan hakimiyyətinə belə bir mesaj ötürməyə çalışır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən