TRIPP sazişi Azərbaycanın yaratdığı yeni reallığın nəticəsidir - Tural Gəncəliyev
"Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə sazişinin imzalanması məhz Azərbaycanın Cənubi Qafqazda, regionumuzda yaratdığı reallıqdan sonra mümkün olub. Müharibədə qələbə qazandıqdan sonra tarixi Zəngəzur koridoru və yaxud da ki, TRIPP marşrutunun reallaşması gündəmə gəlib və bu gün Ermənistan ABŞ ilə çərçivə sazişi imzalayırsa, təbii ki, bu, Azərbaycanın Naxçıvanla birləşməsi baxımından, türk dünyasının bütöv bir mexanizm kimi, orqanizm kimi birləşməsi baxımından önəmlidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirdi.
Onun sözlərinə görə, TRIPP marşrutu qlobal bir layihə olan və Azərbaycanın önəmli rol oynayacağı bir layihə olan Orta Dəhlizin bir komponentidir:
"Zəngəzur dəhlizi 100 il, 150 il, 200 il bundan öncə mövcud olmuş bir yoldur. Yəni, Zəngəzur dəhlizi tarixən Zəngəzur üzərindən keçərək Azərbaycanın tarixi torpaqları, tarixi soydaşlarımızın yaşadığı torpaqları, ticarətin, karvanların kəsişmə nöqtəsi, ticarətin keçdiyi böyük bir keçid xətti, ticarət xətti olub. Bunu müasir dövrdə yenidən reallaşdıran, yenidən gündəmə gətirən məhz bizim liderimiz, prezidentimiz, ordumuz oldu. Beləliklə də, bu layihə əslində bir regional əməkdaşlıq platformasına çevrildi. Zəngəzur dəhlizi və TRIPP marşrutunun fəaliyyətə başlamasını region üçün önəmli hesab edirəm və regionun ən əsas layihələrindən biri məhz budur".
Millət vəkili vurğuladı ki, Azərbaycanın iştirakı olmadan bu layihənin həyata keçirilməsi mümkün olmazdı:
"TRIPP marşrutunun məqsədi şərq və qərbi birləşdirmək, eyni zamanda Azərbaycanın Naxçıvanla əlaqəsini qurmaq hesabına məhz uzaq Çindən Avropaya gedən və əksinə olan transport-kommunikasiya xəttinin açılmasıdır.
Eyni zamanda, bu, Amerika üçün də, Avropa İttifaqı üçün də çox önəmlidir. Bu marşrutun açılması Mərkəzi Asiyada türk dövlətlərindən çox qiymətli resursların, nadir metalların, həmçinin yanacaq, neft və qazın Xəzər üzərindən keçməklə Azərbaycana və Azərbaycan üzərindən də keçməklə məhz Zəngəzur dəhlizinin üzərindən qərbə, Türkiyəyə, Avropaya daşınması deməkdir.
Biz hansı perspektivdən baxırıqsa baxaq, bu marşrutun açılması istənilən halda labüd idi və Azərbaycan bir tərəfdən həm Ermənistan üzərində qələbə qazanmaqla Ermənistanı da sanki tarixin bir ədalətli istiqamətinə, tarixin ədalətinin qələbə çaldığı bir istiqamətə yönəldirdi. Yəni, Ermənistan əslində Azərbaycan torpaqlarının işğalına son verilməklə böyük bir tarixi səhv yoldan çəkinmiş olur və eyni zamanda da böyük bir fürsət qazanmış olur ki, artıq bu Zəngəzur dəhlizi, TRIPP marşrutu Ermənistanın da xeyrinə olan bir marşrut kimi nəzərdən keçirilir. Bu, hamının xeyrinədir, eyni zamanda Ermənistanın da xeyrinədir".
Aytəkin TOFİQQIZI













