"Bu, "arı pətəyinə çomaq soxmaqdır"" - Qafar Çaxmaqlıdan Rusiyanın təklifinə REAKSİYA
Rusiya xarici işlər nazirinin MDB işləri üzrə müavini Mixail Qaluzin bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazır olduğunu bir daha təsdiqləyir.
"Sülh müqaviləsinin imzalanması məqsədilə Rusiya platformasını hazırlayıb tərəflərin ixtiyarına verməyə hazırıq", - deyə o qeyd edib.
Bəs Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Rusiyada imzalanması nə qədər realdır və buna ehtiyac varmı?
Politoloq Qafar Çaxmaqlı Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi artıq ABŞ-də paraflanıb və bu müqavilə iki ölkə arasında vasitəçilərsiz aparılan bir proses kimi davam etməkdədir:
"Sənədin yalnız imzalanması və təsdiq olunması qalır. O da Ermənistanda parlament seçkilərindən sonra baş tutacaq. Azərbaycanla Ermənistan bu müqavilənin bəndlərini heç kimin iradəsi olmadan razılaşdırıblar. Hər iki ölkənin yeni bir platformaya ehtiyacı yoxdur. Rusiya növbəti dəfə bu prosesə müdaxilə etmək üçün səy göstərməkdədir. Daha doğrusu, bu, "arı pətəyinə çomaq soxmaqdır", prosesi pozmaq üçün cəhdlərdən biridir.
Həm də artıq təsir dairəsini itirdiyi Ermənistanda və ümumən Cənubi Qafqazda sözü keçən dövlət görüntüsü yaratmaq istəyir. Rusiya Ermənistandakı seçkilərdə hakimiyyət dəyişikliyinə ümid edərək bəzi şeyləri hesablaya bilər. Amma artıq heç kəsə sirr deyildir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətinin məğlub olacağı mümkün görünmür".
Aytəkin TOFİQQIZI













