"ABŞ/İsrail və İran arasında müharibənin yeni fazasını görəcəyik" - Zərdüşt Əlizadədən PROQNOZ

 17:21 05.06.2026     465

"ABŞ/İsrail və İran arasında müharibənin yeni fazasını görəcəyik. Amerika və İsrail İrana yeni zərbələr endirəcəklər. İran da İsrailə və Amerikanın müttəfiqlərinə, bölgədəki Amerika qüvvələrinə, bazalarına zərbələr endirəcək. Yəni müharibə davam edəcək".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə səsləndirdi.

Onun sözlərinə görə, Amerikanın, İsrailin elan etdikləri və can atdıqları məqsədlər beynəlxalq hüquqa tamamilə ziddir:

"Onlar İranın suveren dövlət, müstəqil dövlət kimi hüququnu inkar edirlər. Əvvəla, bu böhtandır. Amerikanın, İsrailin İrana dedikləri böhtandır. İslam dininə görə kütləvi qırğın silahları günahdır və İran nüvə bombası yaratmaq fikrində deyil. Onun nüvə proqramı yalnız və yalnız dinc məqsədlərə xidmət edir. Bunu Amerika kəşfiyyatı da təsdiq etmişdi və 20 il ərzində tamamilə ardıcıl olaraq Amerika Mərkəzi Kəşfiyyat İdarəsi deyir ki, İranın hərbi nüvə proqramı yoxdur. Beynəlxalq Atom Energetikası Agentliyi - MAQATE də deyir ki, biz yoxlamışıq, İranın hərbi nüvə proqramı yoxdur. Buna baxmayaraq, məhz İranı məhv etmək məqsədini güdən İsrail və Amerika həyasızcasına üzə durub deyirlər ki, İranın hərbi nüvə proqramı var, ondan imtina etməlidirlər. Yəni uranın zənginləşməsi proqramı nüvə silahının yayılmaması müqaviləsinə imza atmış bütün dövlətlərin qanuni hüququdur. O cümlədən də İranın".

Həmsöhbətimiz vurğuladı ki, İsrail nüvə silahının yayılmaması haqqında müqaviləyə imza atmayıb:

"Hamı bilir ki, İsrailin nüvə silahı var. Sadəcə, heç kim bunu demir. İsraildə 170-dən 300-ə qədər atom bombası var. İsrail nüvə silahının yayılmaması haqqında müqaviləni imzalamayıb. O dövlət ki, nüvə silahının yayılmaması müqaviləsini imzalayır, onun qeyd-şərtsiz uranın zənginləşməsi prosesini həyata keçirməyə hüququ var. Nəyə görə İsrail və Amerika müstəqil İran dövlətindən tələb edirlər ki, öz qanuni hüququndan imtina etsin? Guya ki, İsrail İrana əmr etməlidir, İran da onun əmrini yerinə yetirməlidir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən