Putin Ukrayna ilə bağlı güzəştə hazırdır - Deputat

 19:54 05.06.2026     792

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda mətbuata açıqlaması zamanı bildirib ki, Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır.

Bundan əlavə, Ukrayna Prezidenti Volodimir Zelenski də görüşlərə hazır olduğunu deyib.

İki ölkə liderinin bu cür fikirlər səsləndirməsi onların yaxın vaxtlarda görüşməsinə səbəb ola bilərmi?

Milli Məclisin deputatı Azər Allahverənov Redaktor.az-a açıqlamasında bildirdi ki, hər iki ölkə rəhbərinin görüşün keçirilməsi və ya bir-biri ilə görüşmək ehtimalı barədə səsləndirdiyi fikirlər mövzu ətrafında müəyyən qədər pozitiv əhval-ruhiyyənin formalaşdığını göstərir:

"Bu, çox vacib məqamdır. Çünki istənilən münaqişənin deeskalasiyası üçün ilk növbədə tərəflərin danışıqlara hazır olduqlarını bəyan etmələri mühüm əhəmiyyət daşıyır. Həqiqətən də, münaqişə edən tərəflərin mövqelərində müəyyən yaxınlaşmanın baş verməsi və bunun üçün səylərin göstərilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, 2022-ci ildən davam edən və artıq üç ildən çox müddəti əhatə edən bu müharibə dövründə zaman-zaman buna bənzər açıqlamalara rast gəlmişik. Məsələn, Ukrayna Prezidenti Volodimir Zelenski görüşdə iştirak etməyə hazır olduğunu bildirəndə qarşı tərəf fərqli mövqe ortaya qoyurdu. Yaxud müəyyən mərhələlərdə Putinlə görüş məsələsi gündəmə gətiriləndə, xüsusilə görüşün Moskvada keçirilməsi ehtimalı səsləndiriləndə Ukrayna tərəfi buna kəskin etiraz edirdi".

Müsahibimiz qeyd etdi ki, son aylarda döyüş meydanında üstünlük daha çox Rusiya tərəfində olsa da, həlledici və hiss olunacaq səviyyədə tam üstünlük əldə edilməyib.

"Əldə olunan uğurlar daha çox fraqmentar xarakter daşıyıb. Məsələn, müəyyən istiqamətlərdə hansısa qəsəbənin ələ keçirilməsi və ya şəhər uğrunda gedən döyüşlərdə şəhərin müəyyən hissəsinə nəzarətin əldə olunması buna nümunə ola bilər. Lakin ümumi mənzərə baxımından tam üstünlük müşahidə olunmayıb. Digər tərəfdən, müdafiə mövqeyində olan Ukrayna Silahlı Qüvvələri də zaman-zaman əks-hücumlar həyata keçirərək müəyyən kənd və qəsəbələri geri qaytara bilib. Son bir ay ərzində azad edildiyi bildirilən ərazilərlə bağlı kifayət qədər məlumat yayılıb. Bəzi mənbələrdə təxminən 400 kvadratkilometr ərazinin geri qaytarıldığı qeyd olunur. Bu da Ukrayna ordusunun döyüş qabiliyyətinin hələ də yüksək səviyyədə qaldığını göstərən mühüm amillərdən biridir. Bununla yanaşı, Ukraynanın hava hücumundan müdafiə sistemləri də kifayət qədər çevik və effektiv fəaliyyət göstərir. Hərbi Hava Qüvvələri yeni nəsil dronlarla təchiz olunub. Eyni zamanda uzaqmənzilli raketlərin istehsalına başlanılıb və bu raketlərin 1000-1500 km məsafədə yerləşən hədəflərə zərbə endirmək imkanına malik olduğu nümayiş etdirilib. Bu, Rusiyanın hərbi infrastrukturu, hərbi bazaları, hava limanları və dəniz donanmasının yerləşdiyi limanlar üçün də müəyyən risklər yaradır. Bütün bunlar göstərir ki, Rusiyanın geniş resurslara malik olduğu bir şəraitdə Ukrayna da öz potensialını bərpa etmək və müqavimət qabiliyyətini saxlamaq imkanına malikdir. Son dövrdə əldə olunan nəticələr bunu bir daha təsdiqləyir".

Millət vəkili qeyd etdi ki, tərəflər münaqişənin uzun müddət davam edə biləcəyini anlayırlar və müəyyən mənada onun dayandırılması yollarını axtarmağa çalışırlar:

"Bu isə daha çox hərbi meydanda deyil, diplomatik müstəvidə danışıqlar vasitəsilə həyata keçirilə bilər. Hər bir tərəf öz şərtlərinin qəbul olunmasına nail olmağa çalışır. Bu prosesdə ABŞ Prezidenti Donald Trampın kifayət qədər fəal rol oynadığını görürük. Digər mühüm aktorlardan biri olan Çin də prosesdə passiv mövqe tutmur. Əksinə, müxtəlif pərdəarxası təmaslar, ikitərəfli və ya 2+1 formatında keçirilən görüşlər göstərir ki, Çin də münaqişə ilə bağlı öz baxışlarını ortaya qoymağa çalışır. Eyni zamanda Avropa İttifaqının da prosesdə iştirakı var. Avropa İttifaqı daha çox Ukraynanın dəstəklənməsi və təchiz olunması siyasətini davam etdirir. Buradakı əsas gözləntilərdən biri Rusiyanın zəifləməsidir. Belə olduğu təqdirdə Avropa ölkələri öz təhlükəsizlikləri üçün potensial risklərin azalacağını düşünürlər. Lakin bu, ayrıca müzakirə tələb edən fərqli yanaşmadır. İstənilən halda, mümkündür ki, yaxın gələcəkdə üçüncü bir ölkənin ərazisində ilkin görüşlər və təmaslar baş tutsun. Ola bilər ki, ilk mərhələdə bunlar dövlət başçıları səviyyəsində deyil, xüsusi nümayəndələr və ya xarici işlər nazirləri səviyyəsində həyata keçirilsin. Əgər zərurət yaranarsa və cəbhədəki vəziyyət bunu tələb edərsə, iki ölkə rəhbərinin görüşü də baş tuta bilər. Burada müəyyən mütənasiblik mövcuddur. Döyüş əməliyyatlarının genişlənməsi və ya dərinləşməsi bir tərəfdən tərəfləri daha sürətli şəkildə danışıqlara sövq edə bilər. Xüsusilə mövqelərini itirən tərəf danışıqlara daha çox maraq göstərə bilər".

Siyasətçinin sözlərinə görə, hücum edən və döyüş meydanında daha çox uğur qazanan tərəf yaranmış fürsətdən maksimum istifadə etmək istəyə bilər:

"Belə olan halda həmin tərəf müharibənin dayandırılmasında maraqlı olmaya və planlaşdırılan görüşlərin keçirilməsi sual altında qala bilər. İstənilən halda, hadisələrin inkişafı bir neçə fərqli ssenari üzrə reallaşa bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən