Paşinyanın növbəti hədəfi Köçəryan və konstitusiya dəyişikliyi olacaq - Deputat DANIŞDI
"Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası qalib gəlib. Paşinyan artıq qələbə münasibətilə təbrikləri qəbul edir və özü də qeyd edib ki, elə böyük üstünlüklə qalib gəlib ki, təkpartiyalı hökumət formalaşdıracaq. Yəni koalisiya hökuməti olmayacaq".
Bu fikirləri Redaktor.az-a Ermənistanda dünən keçirilən parlament seçkiləri haqqında danışan deputat Elman Nəsirov bildirdi.
Onun sözlərinə görə, bu qələbə gözlənilən idi:
"Çünki Paşinyan və onun partiyası "sülh partiyası" imicində çıxış edirdi. Rəqibləri Samvel Karapetyanın "Güclü Ermənistan" hərəkatı, Robert Köçəryanın "Ermənistan" bloku və Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası revanşist qüvvələrin önündə dayanır, daha çox müharibə tərəfdarı kimi çıxış edirdilər. Ona görə də erməni xalqı öz seçimini etdi. Çünki yeni müharibə Ermənistan üçün ciddi problemlər yarada və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan seçicilər sülh gündəliyinə üstünlük verdilər. Ermənistan cəmiyyəti Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinə, eyni zamanda Avropa İttifaqı ilə yaxınlaşma kursuna dəstək göstərdi. Güman etmək olar ki, Paşinyan bundan sonra ilk növbədə kriminal avtoritet hesab etdiyi siyasi dairələrlə bağlı məsələləri gündəmə gətirəcək. O, indidən bəyan edib ki, Robert Köçəryan və onun ətrafında olan bəzi şəxslər məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda Azərbaycanla sülh müqaviləsinin paraflandığını xatırladaraq, onun imzalanması ilə bağlı müsbət fikirlər səsləndirib. Türkiyə ilə dəmir yolu əlaqələrinin inkişafı istiqamətində gedən prosesləri yüksək qiymətləndirib və sərhədlərin açılması ilə bağlı nikbin mövqe nümayiş etdirib. Beləliklə, hesab etmək olar ki, bu seçkilərdə Qərblə Rusiya arasında geosiyasi rəqabət fonunda üstünlük Qərbyönümlü qüvvələrin tərəfində oldu. Paşinyan da təbii olaraq Avropa İttifaqına inteqrasiya siyasətini davam etdirəcək. İlk mərhələdə namizədlik, sonrakı mərhələdə isə üzvlük məsələsini gündəmə gətirməsi mümkündür. Bununla bağlı referendum keçirilməsi də istisna deyil. Ancaq bunun nə zaman baş verəcəyi ilə bağlı konkret tarix açıqlamayıb. Bildirib ki, Ermənistan hazır olduqda bu addım atılacaq".

Deputat əlavə etdi ki, Ermənistanın Avrasiya İqtisadi Birliyində mövcudluğunu da qoruyub saxlamağa çalışacağı gözlənilir:
"Bunun nə dərəcədə mümkün olacağını söyləmək çətindir. Çünki bu istiqamətdə şimaldan gələn təzyiqlər kifayət qədər böyükdür. Hesab edirəm ki, bu seçkilər bir sıra başqa məqamları da üzə çıxardı. Seçki pozuntuları ilə bağlı müxtəlif iddialar səsləndirildi. Bununla bağlı ATƏT, Avropa Parlamenti və digər beynəlxalq qurumların nümayəndələrinin mövqeyi də müzakirə mövzusu oldu. Eyni zamanda seçki prosesində seçici səslərinin pulla əldə edilməsinə dair iddialar da geniş yayılmışdı. Sadəcə fərq onda idi ki, kimlərisə rublla, kimlərisə isə avro ilə təsir altına almağa çalışırdılar. Güman edilir ki, seçkilərdən sonra Paşinyanın əsas gündəmlərindən biri referendum keçirərək Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların dəyişdirilməsi məsələsi olacaq. Bundan sonra sülh müqaviləsinin imzalanması üçün daha əlverişli imkanlar yarana bilər".
E.Nəsirovun fikrincə, Paşinyan hökumətinin qarşısında duran digər məsələlərdən biri də Qarabağ mövzusunun Ermənistanın daxili siyasi gündəmində istifadəsinə son qoyulmasıdır.
"Çünki seçki kampaniyası göstərdi ki, revanşist qüvvələr ən çox bu mövzudan siyasi alət kimi istifadə etməyə çalışırlar və onu tez-tez gündəmə gətirirlər. Bu baxımdan həm Ermənistanda, həm də müxtəlif ölkələrdə fəaliyyət göstərən, özlərini "Qarabağ təmsilçiliyi" kimi təqdim edən strukturların fəaliyyəti ilə bağlı məsələlərin də müzakirəyə çıxarılması mümkündür. Çünki bu kimi mövzuların davamlı şəkildə siyasi gündəmdə saxlanılması sülh prosesinə mənfi təsir göstərə bilər", - deyə o yekunlaşdırdı.
NURİYYƏ













