"İsrailin regiondakı siyasəti Amerikanı İranla qarşıdurmaya sürükləyir" - Trampdan ehtiyatlı DAVRANIŞ
"İranla Amerika Birləşmiş Ştatları və İsrail arasında əldə olunmuş atəşkəs rejimini pozan ilk tərəf İsrail oldu. Çünki ümumi razılıq əldə edildikdən sonra da İsrail dəfələrlə Livanın müxtəlif bölgələrinə, xüsusilə də şiə əhalisinin yaşadığı məntəqələrə raket və hava zərbələri endirirdi. Beyrutun cənub məhəllələri, xüsusilə Dahiyə adlanan ərazi əsas hədəflərdən biri idi. Orada əsasən şiələr yaşayırlar və İsrail həmin əraziləri mütəmadi şəkildə vururdu".
Bu fikirləri Redaktor.az-a açıqlamasında İran və İsrail arasında dünəndən başlayan toqquşmalardan danışan politoloq Tofiq Abbasov səsləndirdi.
Onun sözlərinə görə, formal olaraq atəşkəsə riayət edildiyi görüntüsü yaradılsa da, əslində İran dəfələrlə vasitəçilər vasitəsilə xəbərdarlıq edir, Amerikanın diqqətinə çatdırırdı ki, bu artıq atəşkəs sayıla bilməz:
"Çünki İsrail müntəzəm şəkildə insanları, obyektləri, infrastrukturu və yaşayış məntəqələrini hədəfə alırdı. İran bildirirdi ki, bu davam edərsə, cavab vermək məcburiyyətində qalacaq. Nəhayət, bazar günü İran dediyini etdi və bundan dərhal sonra İsrail də İrana raket zərbələri endirdi. Düzdür, İsrail təyyarələri İranın hava məkanına daxil olmadı. Daha çox uzaq məsafədən idarə olunan raket sistemlərindən istifadə edildi. Hazırda İranın bir çox iri şəhərində dağıntılar və partlayışlar qeydə alınıb. Eyni zamanda insan itkilərinin də olması istisna deyil. Bu prosesdə Amerikanın son dərəcə ehtiyatlı davranmasının şahidi oluruq. Çünki xüsusilə Donald Tramp müharibədən uzaq durmağa çalışır. Düzdür, o istisna etmir ki, müəyyən hallarda xüsusi təyinatlı qüvvələr İranda əməliyyat keçirə bilər. Ancaq bunun üçün ciddi əsasların olması vacibdir. Burada da belə əsasların İranın addımlarından daha çox İsrailin hərəkətləri nəticəsində yarandığı barədə fikirlər səslənir. İsrail rəsmiləri açıq şəkildə bildirirlər ki, İranın nüvə proqramı ilə bağlı məsələlər tam həll olunana qədər müharibəni başa çatmış hesab etmirlər. Yəni onlar istənilən vaxt İrana zərbə endirmək hüququna malik olduqlarını düşünürlər. Ancaq İran da elə bir dövlət deyil ki, onunla istənilən formada davranmaq mümkün olsun".

Müsahibimiz vurğuladı ki, İsrailin də zəif nöqtələri mövcuddur və İran hələlik onları geniş şəkildə hədəfə almır.
"Söhbət dəniz suyunun təmizlənməsi qurğularından, hava qüvvələrinin bazalarından, yanacaq anbarlarından, neft emalı və benzin istehsalı obyektlərindən gedir. İran bu obyektləri sistemli şəkildə hədəfə alsa, İsrail üçün ciddi problemlər yarana bilər. Buna görə də İsrailin öz maraqlarına uyğun olan variant müharibənin yenidən genişlənməməsi və atəşkəs rejiminin qorunmasıdır. Hazırkı mərhələdə bir çox məsələlər Amerikadan asılıdır. Hamının diqqəti Donald Trampın hansı qərarı verəcəyinə yönəlib. Aydın məsələdir ki, ABŞ daxilində mühüm siyasi və ictimai hadisələr yaxınlaşır. Bu səbəbdən də Vaşinqtonun genişmiqyaslı müharibəyə cəlb olunmaq istəmədiyi görünür. Digər tərəfdən, Amerika yaxşı anlayır ki, bölgədə hərbi gərginliyin artması onun Yaxın Şərqdəki maraqlarına və hərbi obyektlərinə əlavə risklər yarada bilər. Ən pis ssenaridə İranın ABŞ və onun müttəfiqlərinin strateji obyektlərini hədəfə almaq imkanları da nəzərə alınır. Məhz buna görə Donald Trampın çox ehtiyatlı davrandığı müşahidə olunur.
ABŞ daxilində də İsrailə münasibətdə müxtəlif mövqelər mövcuddur. Tələbələr, ictimai fəallar və müxtəlif siyasi qruplar arasında İsrail siyasətinə tənqidi yanaşanların sayı artıb. Xüsusilə MAGA hərəkatına yaxın olan bəzi çevrələr hesab edirlər ki, İsrailin regiondakı siyasəti Amerikanı əlavə münaqişələrə cəlb edir və Vaşinqtonu İranla qarşıdurmaya sürükləyir. Digər tərəfdən, ABŞ-dəki yəhudi icması daxilində də bu məsələyə münasibətdə fərqli mövqelər mövcuddur. Bir qrup hesab edir ki, İsraildən müəyyən məsafə saxlamaq lazımdır, digər qrup isə İsrailə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayır. Yekun olaraq demək olar ki, müharibənin yenidən genişmiqyaslı xarakter alması ehtimalı mövcuddur. Ancaq hazırkı mərhələdə bu ehtimal çox yüksək görünmür", - deyə T.Abbasov əlavə etdi.
NURİYYƏ













