Paşinyan Vaşinqton razılaşmalarını “tarixi hadisə” ADLANDIRDI

 13:02 08.06.2026     278

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin paytaxtı Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ arasında əldə edilən razılaşmaları 2025-ci ilin ən mühüm siyasi hadisələrindən biri kimi qiymətləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə Paşinyan Milli Assambleyanın komitələrinin birgə iclasında 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatın müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmalar sülh prosesində mühüm mərhələ təşkil edir.

“Əlbəttə ki, 2025-ci ilin ən vacib hadisəsi 8 avqustda Vaşinqtonda qeydə alınan hadisədir. O zaman biz sülh müqaviləsini paraflayaraq və ABŞ Prezidenti Donald Trampın da şahid kimi iştirak etdiyi bəyannaməni qəbul edərək Azərbaycanla sülhə doğru mühüm addım atdıq”, - deyə Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, hazırda əsas prioritet sülh müqaviləsinin institusionallaşdırılmasıdır və bu istiqamətdə işlər davam etdirilir.

Paşinyan həmçinin Ermənistanla ABŞ arasında imzalanan TRIPP layihəsinə də toxunub. Onun sözlərinə görə, sənədin ratifikasiya prosesi yaxın zamanda başlayacaq və layihə ölkə üçün strateji əhəmiyyət daşıyır.

“Bu, vəziyyəti dəyişdirən bir layihədir, çünki Ermənistan münaqişələrdən çıxaraq "Sülh Yollarının Kəsişməsi" roluna doğru irəliləyir”, - deyə Baş nazir əlavə edib.

Paşinyan bildirib ki, layihənin praktiki icrasına 2026-cı ildə başlanması planlaşdırılır.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən