"Yaxın zamanlarda Türkiyə-Ermənistan sərhədlərinin açılmasının şahidi olacağıq" - Qafar Çaxmaqlı
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində qələbədən sonra verdiyi açıqlamada bildirib ki, Azərbaycanla sülh sazişi imzalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır.
Azərbaycanla sülhün imzalanması yaxın zamanda gözlənilirmi və Türkiyə ilə sərhədin açılması nə qədər realdır?
Politoloq Qafar Çaxmaqlı Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun partiyası olan "Vətəndaş Müqaviləsi" Partiyasının qələbəsindən sonra əvvəlki siyasətin davam edəcəyi məlumdur:
"Əvvəlki siyasət də ondan ibarətdir ki, Paşinyan Azərbaycanla sülh sazişini imzalamalıdır və ondan sonra konstitusiya dəyişikliyi edilməsi üçün ölkədə referendum keçirilməlidir. Konstitusiya layihəsi hazırdır. Onu hələ ictimaiyyətə açıqlamasalar da, bəllidir ki, Azərbaycanın tələb etdiyi, Azərbaycana qarşı ərazi iddiaları bu konstitusiyada yer almayacaq. Çünki bu, Azərbaycanın əsas tələbidir və bundan sonra Ermənistanla sülh sazişinin imzalanması ortaya çıxa bilər. Azərbaycan buna, təbii ki, hazırdır. Bu sülh sazişini artıq Amerikada 8 avqustda paraflayıblar. Qeyd ediblər ki, bu sülh sazişi imzalanacaq".
Həmsöhbətimiz Ermənistan və Türkiyə sərhədlərinin açılması məsələsinə də toxundu:
"Türkiyə ilə Ermənistan arasında da sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələsi neçə ildir ki, müzakirə edilir. Təmsilçilər təyin olunur. Türkiyədən diplomat Sərdar Qılıç və Ermənistandan parlamentin sədr müavini Ruben Rubinyan tərəfindən danışıqlar bir neçə dəfə davam etdirilib. Sərhəddə, hətta keçid məntəqəsində görüşləri olub. İqdırdan Ermənistana gedən Əlican sərhəd qapısı (ermənilər buna Marqara deyirlər) vasitəsilə hətta Sərdar Qılıçın keçib İrəvana gəldiyini müşahidə etmişdik. Bununla bağlı sərhədlərin açılması məsələsi gündəmə gələcək. Türkiyə açıq şəkildə bildirirdi ki, Azərbaycanla sülh sazişi bağlandıqdan sonra Ermənistanla hər cür əlaqələrin qurulması məsələsinə baxılacaq. Sərhədlərin açılması artıq bir reallıqdır. Təkcə adını çəkdiyim Əlican sərhəd qapısından deyil, Gümrüdən də Qarsa sərhədlərin açılması məsələsi müzakirə edilməkdədir. Şübhəsiz ki, yaxın zamanlarda bu sülh prosesinin tərkib hissəsi kimi Türkiyə-Ermənistan sərhədlərinin də açılmasının şahidi olacağıq.
Əslində, bu sərhədlərin açılması daha çox Ermənistana lazımdır. Çünki Ermənistan faktiki olaraq Azərbaycan və Türkiyə ilə əlaqələr qurmaq, bizim ərazimiz vasitəsilə dünyaya açılmaq, Azərbaycan dəmir yolları və digər avtomobil yolları ilə Rusiyaya və Orta Asiyaya çıxış əldə etmək imkanı qazanacaq. Türkiyə vasitəsilə isə bütün Yaxın Şərqə və dünyaya çıxış əldə edəcək. Bu da Ermənistan iqtisadiyyatına önəmli ölçüdə təsir göstərəcək. Yəni bölgədə sabitliyin və sülhün qorunması üçün Paşinyan hakimiyyətinin qələbəsi çox önəmli idi və biz də bunu ciddi şəkildə izlədik. O, rəqiblərinə öldürücü qələbə çaldı. Yəni bu qələbə elə-belə qələbə deyil. Erməni xalqı sülh istəyən qüvvələrlə müharibə istəyən qüvvələr arasında seçim etməli idi və erməni xalqı Paşinyanın sülhünü seçdi. Bu sülhün qalıcı olması üçün bundan sonra görüləcək çox işlər var. Paşinyan hakimiyyətinin müəyyən planlarının olduğu da bəllidir və biz də Azərbaycanın maraqları doğrultusunda bu məsələlərə müəyyən mənada öz yanaşmamızı sərgiləməliyik".
Aytəkin TOFİQQIZI













