Sülh və gərginlik arasında Ermənistan: yeni parlament nə vəd edir?

 18:36 09.06.2026     563

"2026-cı il iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi siyasi qüvvə nisbi üstünlük əldə etdi. Lakin bu nəticə Ermənistanın bütün problemlərinin həll olunduğu və ya ölkədə siyasi proseslərin tamamilə sağlam məcraya yönəldiyi anlamına gəlmir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Qəvami Sadıqbəyli səsləndirdi.

Onun sözlərinə görə, formalaşan parlament tərkibi Paşinyan hökumətinə müəyyən qanunvericilik təşəbbüslərini həyata keçirmək imkanı versə də, Konstitusiyaya dəyişiklik etmək və ya strateji xarakterli bəzi qərarları qəbul etmək üçün kifayət qədər siyasi üstünlük yaratmır:

“Bu baxımdan parlamentdə ruspərəst, revanşist, millətçi və ‘miatsum’ ideologiyasının tərəfdarlarının da təmsil olunması diqqətdən yayınmamalıdır. Müşahidələr göstərir ki, Ermənistan siyasi elitası yenə də ikili siyasət yürütməyə çalışır. Bir tərəfdən demokratik seçkilər keçirdiyini nümayiş etdirərək özünü Qərbə, xüsusilə Avropaya yaxın və demokratik dəyərlərə sadiq ölkə kimi təqdim edir, digər tərəfdən isə gələcəkdə Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirə biləcək qüvvələrin siyasi sistemdə mövcudluğunu qoruyub saxlayır.

Azərbaycan dövləti və cəmiyyəti bu prosesləri diqqətlə izləməlidir. Ermənilər Azərbaycan xalqının xarakterini və psixologiyasını yaxşı tanıyırlar. Onlar bilirlər ki, Azərbaycan xalqı sülhpərvər, mərhəmətli və uzunmüddətli düşmənçilik meyillərindən uzaqdır. Bu xüsusiyyətləri nəzərə alaraq, hazırkı mərhələdə daha yumşaq davranış nümayiş etdirmələri mümkündür. Bununla belə, İkinci Qarabağ müharibəsində aldıqları ağır məğlubiyyətin təsirləri hələ də Ermənistan cəmiyyətində hiss olunur. Tarix isə göstərir ki, siyasi şərait dəyişdikdə revanşist qüvvələr yenidən fəallaşa bilir”.

Ekspert xüsusilə vurğuladı ki, hazırda Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa, iqtisadi əməkdaşlıq imkanlarını genişləndirməyə, eyni zamanda Rusiya və İrandan asılılığı azaltmağa çalışır:

“Lakin beynəlxalq münasibətlər sistemində dövlətlərin maraqları dəyişkən olduğundan, yalnız bəyanatlara əsaslanaraq uzunmüddətli nəticələr çıxarmaq düzgün deyil. Hesab edirik ki, Azərbaycan üçün əsas vəzifə ayıq-sayıqlığı qorumaqdır.

Bir tərəfdən Ermənistanla münasibətlər beynəlxalq hüququn prinsipləri əsasında qurulmalı, regionda sülh və sabitlik təşviq edilməlidir. Digər tərəfdən isə milli təhlükəsizliyin təmin olunması məqsədilə ölkənin müdafiə qabiliyyəti daha da gücləndirilməli, Silahlı Qüvvələr müasir texnologiyalar və silah sistemləri ilə təchiz olunmalıdır.

Sülhə çalışmaq vacibdir, lakin tarixdən çıxarılan dərslər də unudulmamalıdır. Güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu Azərbaycanın təhlükəsizliyinin ən etibarlı təminatçısı olaraq qalır”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən