“Rusiya Azərbaycanın və Ermənistanın suverenliyini daim təhdid edən bir dövlətdir“
"Rusiya xarici işlər nazirinin MDB işləri üzrə müavini Mixail Qaluzin açıqlamasında Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazır olduğunu bir daha diqqətə çatdırıb. Ancaq təcrübə göstərir ki, həm Azərbaycan, həm Ermənistan birbaşa danışanda daha rahat anlaşırlar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa səsləndirdi.
Onun fikrincə, ATƏT-in həmsədrlərindən biri kimi Rusiya da uzun illər bu münaqişənin həllinə çalışan bir dövlət olaraq demək olar ki, heç bir müsbət nəticə ortaya qoymayıb:
"Ona görə də indi yenidən tərəflər arasında sülh sazişinin imzalanması üçün platforma təklif etmək üçün, məncə, əsaslar yoxdur. Çünki tərəflər arasında artıq o problem yoxdur. Ümumiyyətlə, platforma seçimi problemi yoxdur. Həm də nəzərə alsaq ki, Rusiya ümumiyyətlə Cənubi Qafqazdakı bu cür məsələlərdə maraqlıdır, həm də Azərbaycanın və Ermənistanın suverenliyini daim təhdid edən bir dövlətdir, hətta onun təqdim elədiyi platforma belə bu suverenliyə və Cənubi Qafqazda formalaşan yeni münasibətlərin xarakterinə ziddir. Yəqin ki, barışıq məsələsi bir qədər sonra reallaşacaq. Çox güman ki, Ermənistan konstitusiyasında Azərbaycanın tələbləri gerçəkləşəndən sonra tərəflər, məncə, özləri azad seçim edəcəklər — müqaviləni harada imzalamaq, necə imzalamaq barədə. Yəqin ki, iki tərəf qərar verəcək".
Siyasi şərhçi hesab edir ki, Rusiyanın bu məsələyə müdaxiləsinə heç bir zərurət yoxdur:
"Xoş niyyətlə edirsə, lap yaxşı, ya başqa niyyətləri varsa, özləri bilər, amma açığı, Rusiyanın bu prosesdə olduğu dönəmlərdə biz münaqişənin həllini deyil, uzandığını gördük. Rusiyanın bölgədəki maraqlarının önə çıxdığını gördük. Rusiya bölgə dövlətlərinin rifahını, birgə yaşayışını deyil, özünün imperiya maraqlarını güddüyünü gördük. Ona görə də yenə də bu təşəbbüsün arxasında hansısa səmimi, xoş niyyətlərin olduğunu düşünmək sadəlövhlük olar. Rusiya yalnız öz maraqlarını düşünür və gələcəkdə yenidən bölgəyə qayıtmaq üçün sanki hansısa fürsətlər axtarışındadır. Odur ki, mən düşünürəm ki, Rusiyanın bu təklifi rədd olunmalıdır. Zamanı gələndə Azərbaycan və Ermənistan özləri qərar verməlidir ki, bu sazişi hansı platformada imzalayacaqlar".
Aytəkin TOFİQQIZI













