Paşinyanın seçki qələbəsi regionda hansı dəyişikliklərə yol aça bilər? - Deputat şərh ETDİ
Xəbər verdiyimiz kimi, Ermənistanda keçirilən seçkilərdə Ermənistanın Baş naziri Nikol Pashinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 49,81 faiz (727 min 160 səs) toplayaraq birinci olub.
Milli Məclisin deputatı Tural Gəncəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Paşinyanın yenidən baş nazir seçilməsi Ermənistandakı digər siyasi qüvvələrlə müqayisədə daha konstruktiv kursun davamı kimi qiymətləndirilir.
“Xüsusilə Azərbaycan-Ermənistan sülh prosesinin davam etdirilməsi və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində Paşinyan seçkiöncəsi vədlər vermiş və hakimiyyətdə qalacağı təqdirdə bu xarici siyasət kursuna sadiq olacağını bəyan etmişdi. Onun yenidən seçilməsi Ermənistanın yaxın gələcəkdə bu vədlərə nə dərəcədə sadiq qalacağını göstərəcək.
Paşinyan hazırda həm Rusiya, həm Avropa İttifaqı, həm də qonşu ölkələrlə münasibətlərdə ehtiyatlı və konstruktiv mövqe nümayiş etdirir. O, hətta Rusiya ilə münasibətləri korlamaq niyyətində olmadığını da vurğulayır. Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə isə, Paşinyanın münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasında maraqlı olduğu məlumdur.
Lakin burada əsas məqamlardan biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hələ də qalmasıdır. Bu problem birdəfəlik həll edilməli və müvafiq müddəalar konstitusiyadan çıxarılmalıdır ki, gələcəkdə sülh prosesinə maneə yaratmasın”, – o dedi.
Siyasətçi qeyd etdi ki, Paşinyanın bu məsələdə nə dərəcədə konstruktiv davranacağı yaxın zamanda məlum olacaq:
“Sülh müqaviləsinin yaxın perspektivdə imzalanması mümkündür. Ancaq konstitusiya məsələsi gündəmdən kənarda qalmamalı və həllini tapmalıdır. Digər tərəfdən, regionda mövcud olan mürəkkəb geosiyasi vəziyyət də nəzərə alınmalıdır. İran, ABŞ və İsrail arasında gərginliyin artması bölgədə risklərin davam etdiyini göstərir. Buna görə də Ermənistanla sülh müqaviləsinin mümkün qədər tez imzalanması vacibdir.
Eyni zamanda Ermənistanın üçüncü tərəflərlə münasibətləri də diqqət mərkəzində olmalıdır. Ermənistan Avropa İttifaqı, Fransa və Hindistanla əməkdaşlığı genişləndirmək istəyirsə, bu proses ölkənin militarizasiyasına gətirib çıxarmamalıdır. Habelə bəzi Avropa ölkələrinin və Fransa ətrafında formalaşan dairələrin regiona münasibətdə destruktiv yanaşmalarına şərait yaradılmamalıdır. Ermənistan belə qüvvələrin Cənubi Qafqazda möhkəmlənməsinə imkan verməməlidir. Bu da Paşinyan üçün mühüm sınaqlardan biri olacaq”.
Deputatın sözlərinə görə, Rusiya ilə münasibətlər fonunda Paşinyan xarici siyasətdə diversifikasiya xətti yürüdərək Avropa və ABŞ-la əlaqələri gücləndirməyə çalışır:
“Lakin Hindistan, Yunanıstan və Fransa ilə əməkdaşlıq regiondakı hərbi-siyasi balansı pozmamalı, Azərbaycan və Türkiyə üçün təhlükə mənbəyinə çevrilməməlidir”.
Tural Gəncəliyev vurğuladı ki, Azərbaycan üçün əsas əhəmiyyət kəsb edən üç məsələ var:
“Bunlar Ermənistan Konstitusiyasının dəyişdirilməsi, sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistanın özünü təcrid vəziyyətindən çıxarması və regional əməkdaşlığa qoşulması məhz Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə mümkün ola bilər. Bu, yaxın gələcəkdə regional əməkdaşlığın güclənməsinə xidmət edəcək ən mühüm addımlardan biridir.
Azərbaycan tərəfi məhz bu üç istiqamətdə Paşinyandan konkret addımlar gözləyir və bu gözləntilərin konstruktiv şəkildə reallaşacağına ümid edir”, – deyə deputat fikirlərini yekunlaşdırdı.
Xədicə BAXIŞLI













