"İranda gedən müharibə ABŞ-nin maraqlarına uyğun deyil" - AÇIQLAMA

 19:52 10.06.2026     534

“İran İsrailə zərbələr endirib və cavabında İsrail də İranın bir neçə şəhərini raket zərbələri ilə vurub. Daha sonra isə ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ ilə İran arasında sülh müqaviləsi yaxın günlərdə, uzağı iki həftə ərzində imzalana bilər. Ona görə də vəziyyətin gərginləşməsini ABŞ istəmir”.

Bu fikirləri Redaktor.az-a politoloq Elşad Həsənov bildirdi.

“Dünən ABŞ-nin helikopterinin İran tərəfindən vurulmasına cavab olaraq ABŞ İranın cənub bölgəsində, Hörmüzün cənub tərəfində yerləşən Sirrik dəniz bazasına, Çesk dəniz bazasına, Bəndər-Abbas hava hücumundan müdafiə qüvvələrinə, Qeşm adasındakı raket batareyalarına və Qeşm adasındakı ticarət limanına zərbələr endirib. Bunun qarşılığında İran Körfəzdə yerləşən ABŞ hərbi bazalarına, o cümlədən Küveyt, Bəhreyn və İordaniyadakı bazalara zərbələr endirib. Bunların hamısı bir-birinə cavab zərbələridir”.

Onun sözlərinə görə, Tramp da istəmir ki, müharibə alovlansın:

“Çünki İranda gedən müharibə ABŞ-nin maraqlarına uyğun deyil. ABŞ Prezidenti Donald Trampın apardığı siyasətə görə son zamanlar ABŞ-də yanacağın qiyməti qalxıb və bu da seçiciləri Respublikaçılar Partiyasından uzaqlaşdırır. Yəni hazırda Trampın mövqeyi zəif görünür və yaxın noyabr aralıq seçkilərində respublikaçıların uduzma ehtimalı yüksəkdir. Çünki apardıqları siyasətin düzgün olmadığı bildirilir. Ona görə də hesab edirəm ki, məhz bu nöqteyi-nəzərdən ABŞ Prezidenti Donald Tramp istəmir ki, müharibə alovlansın. Buna görə də o, hər şeyi danışıqlar yolu ilə həll etməyə çalışır. Hesab edirəm ki, genişmiqyaslı müharibə yox, tərəflər arasında ara-sıra zərbələrin endirilməsi ehtimalı daha realdır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən