Rusiya Cənubi Qafqazdakı təsirini itirir? – ŞƏRH
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistanda seçkilər hakimiyyət tərəfindən müxalifətə qarşı görünməmiş təzyiqlə müşayiət olunub və seçkilər həmçinin misli görünməmiş Qərb müdaxiləsi ilə keçirilib.
Politoloq Abutalıb Səmədov Redaktor.az-a bildirdi ki, Zaxarovanın belə bir bəyanat verməsinin səbəbi seçkilər ərəfəsində Rusiyanın Ermənistan hakimiyyətinə göstərdiyi təzyiqlərlə bağlıdır:
“Hətta demək olar ki, Rusiya indiyədək heç bir dövlətə qarşı bu səviyyədə təzyiq göstərməyib. Hədə-qorxular, sanksiyalar, demək olar ki, hər gün Ermənistan əleyhinə səsləndirilən bəyanatlar və digər addımların səbəbi aydındır. Çünki Rusiya Paşinyanın qələbəsini istəmirdi, onun Avropa İttifaqı ilə yaxınlaşma siyasətini qəbul etmir və bunun qarşısını almaq üçün əlindən gələni edirdi. Üstəlik, seçkilərdə Nikol Paşinyanın əsas rəqibləri Rusiyayönümlü qüvvələr idi. Rusiya da onların qalib gəlməsi üçün mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışdı. Təkcə sanksiyalar və hədə-qorxu dolu bəyanatlarla kifayətlənmədi, eyni zamanda Rusiyada yaşayan ermənilərin və əmək miqrantlarının Ermənistana gələrək səs verməsi üçün maliyyə ayırdı. Bu prosesə cavabdeh şəxslər də müəyyən edilmişdi”.
.jpg)
Müsahibimiz bildirdi ki, bu cəhdlər Rusiyanın gözlədiyi nəticəni vermədi və Paşinyan seçkilərdə qalib gəldi:
“Bu isə o deməkdir ki, Ermənistanın Avropaya yaxınlaşma xətti bundan sonra da davam edəcək. Ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını bərpa etməyəcək, təşkilatı maliyyələşdirməyəcək və Rusiyanın Cənubi Qafqazdakı mövqeyinin zəifləməsi, regionda təsir imkanlarının azalması üçün əlindən gələni edəcək. Rusiyanı ən çox narahat edən məqam da məhz budur”.
Xədicə BAXIŞLI













