"Azərbaycanı təhdid etmək əvəzinə, məğlubiyyətin səbəblərini araşdırsın" - Deputatdan iranlı siyasətçiyə sərt CAVAB
“Azərbaycan hər zaman qonşumuz İranda sabitliyin və rifahın tərəfdarı olub. Heç vaxt öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyib. Təəssüf ki, İrandakı bəzi şovinist dairələr uzun illərdir Azərbaycanı İranda yaşayan soydaşlarımızın və dindaşlarımızın gözündə düşmən kimi təqdim etməyə çalışırlar. Onlar hər fürsətdə İran cəmiyyətinə Azərbaycanla bağlı mənfi mesajlar ötürüblər”.
Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi.
Onun sözlərinə görə, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvəndin son açıqlamaları da əslində reallıqla heç bir əlaqəsi olmayan, İran və Azərbaycan arasında düşmənçilik toxumu səpməyə yönəlmiş bəyanatlardır:
“Mənə elə gəlir ki, Zöhrəvənd ilk növbədə öz seçiciləri və İranda yaşayan 30 milyondan çox azərbaycanlı qarşısında cavab verməlidir. O, izah etməlidir ki, nə üçün belə fikirlər səsləndirir və hansı əsasla, hansı cəsarətlə əhalisinin yarıdan çoxunu azərbaycanlıların təşkil etdiyi bir ölkəni müstəqil Azərbaycan dövlətinə qarşı təcavüzə sövq etməyə çalışır. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, əgər Zöhrəvənd iddia etdiyi kimi İrana hücum edən istənilən ölkəyə güclü cavab vermək və onu yer üzündən silmək imkanına malikdirsə, onda ilk növbədə İrana faktiki hücum edən ölkələrə qarşı bunu nümayiş etdirsin.
Məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, İrandakı bəzi dairələr ermənilər vasitəsilə Azərbaycana qarşı müharibə apardılar və nəticədə məğlub oldular. Hətta 44 günlük müharibədən sonra da erməni separatçılarına yardım göstərməklə, silah-sursat, terrorçular və təlimatçılar göndərməklə Azərbaycana qarşı fəaliyyətlərini davam etdirdilər. Lakin 2023-cü ildə onların dəstəyi ilə ermənilərin Azərbaycana qarşı yeni müharibə cəhdlərinin taleyini Azərbaycan cəmi 23 saat ərzində həll etdi və qalib gəldi”.
Millət vəkili qeyd etdi ki, Zöhrəvənd iki qonşu xalq arasında düşmənçilik yaratmağa çalışmaq əvəzinə, bu məsələlər üzərində ciddi şəkildə düşünməlidir.
“Görsün ki, necə oldu, 30 il ərzində dəstək verdikləri Ermənistanla birlikdə, onların himayə etdiyi qüvvələr Azərbaycan tərəfindən məğlub edildi. Bunun səbəblərini araşdırıb özünə hesabat verdikdən sonra, düşünürəm ki, onun açıqlamalarının tonu da dəyişəcək”, – deyə siyasətçi bildirdi.
Xədicə BAXIŞLI













