"Azərbaycana qarşı təhdidlər İranın daxili auditoriyasına hesablanıb" - AÇIQLAMA
"İrandan Azərbaycana qarşı bu cür əsassız təhdidlərin səsləndirilməsi ilk dəfə deyil. Bu hallar İsrail-İran müharibəsindən əvvəl də müşahidə olunurdu. İranda, xüsusilə də SEPAH və ona bağlı mühafizəkar dairələrdən ibarət müəyyən bir şəbəkə var ki, onlar davamlı olaraq Azərbaycanı hədəfə alır və təhdid xarakterli açıqlamalar verirlər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi.
Onun fikrincə, bu təhdidlərin bir neçə məqsədi var:
"Əsas məqsədlərdən biri Cənubi Azərbaycanda yaşayan soydaşlarımız arasında Azərbaycanın mənfi obrazını formalaşdırmaqdır. Həmin dairələr Cənubi Azərbaycandakı ictimai rəydə anti-Azərbaycan münasibəti yaratmağa çalışırlar. Onlar hər zaman Təbrizlə Bakı arasında nəinki siyasi əlaqələrin, ümumiyyətlə hər hansı həmrəyliyin formalaşmasından narahat olublar. Buna görə də mütəmadi olaraq Azərbaycan haqqında mənfi iddialar səsləndirərək düşmən obrazı yaratmağa çalışırlar. İsrail-İran müharibəsindən sonrakı dövrdə də məhz SEPAH və ona bağlı şəbəkələr tərəfindən Azərbaycana qarşı bu cür təhdidlər və ittihamlar irəli sürülüb. Oxşar proses 44 günlük Vətən müharibəsi dövründə də başlamışdı. Hətta Naxçıvana hücumla bağlı səsləndirilən bəzi iddialar da bu məqsədə xidmət edirdi. Sonrakı dövrlərdə məsələ müəyyən qədər səngisə də, zaman-zaman yenidən gündəmə gətirilib. Hazırkı açıqlamaların da eyni məqsədə xidmət etdiyini düşünürəm.
İkinci əsas məqsəd isə Azərbaycanı daimi hədəf göstərərək xarici düşmən obrazını gücləndirməkdir. Onlar Azərbaycanın guya anti-İran koalisiyasında yer aldığını iddia etməyə çalışırlar. Halbuki bu günə qədər belə ittihamları təsdiqləyən heç bir fakt ortaya qoya bilməyiblər".

Şərhçi qeyd etdi ki, Azərbaycanın adının bu cür hallandırılması ilə bir tərəfdən Cənubi Azərbaycandakı soydaşlarımız arasında Azərbaycana qarşı mənfi münasibət formalaşdırmağa çalışırlar, digər tərəfdən isə xarici düşmən obrazını gücləndirməklə İran daxilində hakimiyyət ətrafında həmrəylik yaratmaq istəyirlər.
"Məqsəd daxili auditoriyaya, mərkəzi hakimiyyətə və mövcud rejimə dəstəyin vacibliyini aşılamaqdır. Bu cür təhdidlər əvvəllər də olub və böyük ehtimalla gələcəkdə də davam edəcək. Çünki İranda müəyyən mühafizəkar dairələr və şəbəkələr bu xətti ardıcıl şəkildə davam etdirirlər. Hətta istisna deyil ki, qarşıdakı dövrdə bu ritorika daha da güclənsin. Nəzərə almaq lazımdır ki, son illərdə İran-Azərbaycan münasibətlərinin normallaşması əsasən prezident administrasiyasının fəaliyyəti nəticəsində mümkün olmuşdu. Xüsusilə Məsud Pezeşkianın prezident seçilməsindən sonra Bakı ilə Tehran arasında münasibətlərdə ciddi yumşalma müşahidə edildi, bir sıra problemlərin həlli istiqamətində addımlar atıldı. Lakin müharibədən sonrakı mərhələdə SEPAH-ın ölkədaxili təsir imkanlarının və qərarvermə prosesində rolunun artdığı müşahidə olunur. Bu isə o deməkdir ki, SEPAH-ın təsirinin gücləndiyi bir şəraitdə Azərbaycana qarşı sərt ritorikanın və təhdid xarakterli açıqlamaların artması ehtimalı da yüksəlir. Buna görə də qarşıdakı dövrdə bu tip bəyanatların davam edəcəyini istisna etmək olmaz", - deyə A.Nərimanlı yekunlaşdırdı.
Xədicə BAXIŞLI













