Deputatdan “Bakı 3-4 saata xəritədən silinə bilər” iddiasına sərt REAKSİYA

 23:26 11.06.2026     729

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd Azərbaycan əleyhinə növbəti açıqlama verib. O, “Tahririeh Plus” yutub kanalında qonaq olarkən Azərbaycanı da “hədələməyi” fürsət bilib.

“İran ona hücum edən istənilən ölkəyə o qədər güclü cavab verəcək ki, (o ölkə) heç vaxt özünə gələ bilməyəcək”, - deyən Zöhrəvənd bunun ardınca Azərbaycanı hədəf seçib: “Bakı 3-4 saat ərzində xəritədən silinə bilər, ona görə də bizim yanımızdan keçməmək daha yaxşıdır”.

Milli Məclisin deputatı Azər Allahverənov Redaktor.az-a açıqlamasında bildirdi ki, hazırkı həssas dövrdə İran parlamentinin bəzi təmsilçiləri zaman-zaman Azərbaycan əleyhinə müxtəlif fikirlər səsləndirirlər.

"Təbii ki, bu cür mövqelər iki dövlət arasındakı münasibətlərə birbaşa təsir göstərməsə də, ictimai rəydə xoş təəssürat yaratmır. Məhz buna görə də belə bir dönəmdə sərt və əsassız bəyanatlardan çəkinmək daha məqsədəuyğun olardı. Təəssüf ki, İran parlamentində yenə də elə şəxslər tapılır ki, müxtəlif formalarda Azərbaycanı hədəf göstərməyə çalışırlar. Bu vəziyyəti müəyyən mənada onunla izah etmək olar ki, İranda bəzi siyasi dairələr mövcuddur və onlar hər zaman Azərbaycanı bu və ya digər formada hədəfə almaqla iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək vəziyyət yaratmağa çalışırlar. Bu isə birmənalı şəkildə yolverilməzdir. Əgər bu gün Azərbaycan hansısa məsələlərdə ittiham olunursa, xüsusilə də son günlərdə CNN-də yayımlanan materialı xatırlatmaq yerinə düşər. Həmin materialda yenidən Azərbaycanın adı hallandırıldı və guya İsrail Hərbi Hava Qüvvələrinin Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı heç bir əsası olmayan iddialar səsləndirildi. Bu, Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti təzahürü idi. CNN və bəzi digər media qurumları zaman-zaman Azərbaycana münasibətdə qərəzli mövqelərini məhz bu tip narrativlər üzərindən nümayiş etdirirlər".

Millət vəkilinin sözlərinə görə, bu mərhələdə isə görürük ki, bəzi dairələr bu iddiaları təkrarlayaraq eyni narrativləri dövriyyəyə buraxırlar.

"Hətta CNN-in adını çəkmədən belə, həmin materialda yer alan iddialar faktiki olaraq təkrar edilir və yenidən Azərbaycan hədəfə çevrilir. Bu isə tamamilə yanlış və əsassız yanaşmadır. Azərbaycan heç vaxt İran üçün təhlükə yaratmayıb və öz ərazisinin İrana qarşı hər hansı hərbi fəaliyyət üçün istifadə edilməsinə yol verməyib. Bunun əksinə olaraq, kifayət qədər misallar göstərmək olar ki, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi dövründə İranın bəzi dairələri birtərəfli mövqe nümayiş etdirib və bu mövqe daha çox ermənipərəst xarakter daşıyıb. Lakin dünya dəyişir və İranda da kifayət qədər praqmatik siyasi qüvvələr hakimiyyət strukturlarında təmsil olunurlar. Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olan dairələr mövcuddur və onlar bu istiqamətdə mühüm addımlar atırlar".

Siyasətçi əlavə etdi ki, Azərbaycan öz növbəsində bu məsələləri diqqətdə saxlamaqla yanaşı, hər zaman xoşməramlı qonşuluq siyasətinin tərəfdarı olduğunu bəyan edir.

"Hətta ən çətin dövrlərdə belə Azərbaycan humanitar yanaşmasını nümayiş etdirib. ABŞ-İran qarşıdurmasının yaşandığı mürəkkəb mərhələlərdə Azərbaycandan İrana humanitar yardımlar göndərilib, eyni zamanda bəzi İran əyalətlərində yarana biləcək humanitar problemlərin qarşısının alınması istiqamətində də addımlar atılıb. Buna baxmayaraq, görünən odur ki, İran daxilində hələ də elə dairələr var ki, onlar bütün bunları görməzdən gələrək Azərbaycana qarşı kampaniyaların aparılmasında maraqlıdırlar. Azərbaycanda da bu cür açıqlamalar, xüsusilə sosial şəbəkələrdə və ictimai müzakirələrdə ciddi etirazla qarşılanır. Bu, yolverilməz mövqedir. Həmin dairələrin Azərbaycanla bağlı öz siyasi xətti mövcuddur və onlar istənilən fürsətdən istifadə edərək ölkəmizə qarşı ittihamlar səsləndirməyə çalışırlar".

Müsahibimiz vurğuladı ki, İranın siyasi rəhbərliyi, Prezident Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və digər rəsmi şəxslər zaman-zaman Azərbaycanla bağlı müsbət fikirlər səsləndirir, hətta ölkə daxilində aparılan anti-Azərbaycan kampaniyalarına etirazlarını da bildirirlər:

"Biz İran daxilində gedən ictimai və siyasi müzakirələrdə də bu məsələyə etiraz edən mövqelərin kifayət qədər açıq şəkildə nümayiş etdirildiyini görürük. Lakin siyasi establişment daxilində Azərbaycanı müxtəlif formalarda hədəfə alan və qarayaxma kampaniyalarının, şər və böhtan xarakterli narrativlərin yayılmasında fəallıq göstərən qüvvələr də qalmaqdadır. Təbii ki, bu, xoşagələn hal deyil. Bununla belə, iki ölkənin siyasi rəhbərliyi arasında mövcud olan əlaqələr, dərinləşdirilən münasibətlər, imzalanan sənədlər və müxtəlif istiqamətlərdə inkişaf etdirilən əməkdaşlıq bu cür anti-Azərbaycan narrativlərini yaymağa çalışan qüvvələrə verilən ən tutarlı cavabdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən