"Erməni məsələsi Azərbaycan coğrafiyasından kənarlaşdırıldı" - Zahid Oruc
"Qarabağ indi təkcə işğaldan deyil, həm də milli dövlətçiliyimiz üçün iki əsrlik minaya çevrilməsinə son qoyulduqdan sonra, həqiqətən, heç vaxt olmadığı qədər bizimdir. Bəli, erməni məsələsi Azərbaycan coğrafiyasından kənarlaşdırıldı. Lakin təkcə azad Qarabağ deyil, Azərbaycan da heç vaxt indiki qədər azərbaycanlıların olmayıb".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc səsləndirdi.
O vurğuladı ki, azadlıq təkcə sovetlərdən xilas olmaq və ya 1993-cü ilin xaosundan qurtulmaq deyil, əsl milli qurtuluş iki əsrlik savaşın qalibi olmaqdır:
"Tarixə ədalətlə baxsaq, 90-cı illərdə Ermənistanın təcavüzünə qarşı vuruşan oğullar da məhz Heydər Əliyevin Sovet Azərbaycanında formalaşdırdığı nəslin nümayəndələri idi. Onlar məğlub olmadılar, çünki rəhbərləri yox idi. Hər iki Qarabağ müharibəsi mahiyyət etibarilə vahid bir savaşdır. Birincisi yarımçıq qaldı, çünki Ali Baş Komandanı yox idi, ikincisi isə İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətlə başa çatdı. Hər iki nəslin birgə iradəsi nəticəsində qələbə bayrağı ucaldı. Biz qurtuluşdan zəfərə gələrək məğlubiyyətə və işğala son qoyduq. İmperiya paytaxtlarından idarə olunmaqdan, daimi torpaq itkilərindən və ömürlük köçkünlük mənəviyyatından xilas olduq".
NURİYYƏ













