"Qarabağı azad etməyimizin tarixi 15 iyun 1993-cü ildən başlayır" - Deputat
"Əgər biz bu günün fəlsəfəsindən çıxış edərək 33 il əvvəl baş verən hadisələrə qayıtsaq, görərik ki, bugünkü günümüzün, dünənimizin və Qarabağı azad etməyimizin tarixi məhz 15 iyun 1993-cü ildən başlayır. Əslində, biz 1993-cü ilin iyun ayında, xüsusilə də iyunun 15-də baş verən hadisələri Azərbaycan milli dövlətçiliyinin xilası kimi dəyərləndiririk. Bu tarixin dövlətçilik tariximizdə nə qədər mühüm əhəmiyyəti varsa, ictimai-siyasi kontekstdə, ictimai düşüncədə və siyasi şüur baxımından da bir o qədər böyük fəlsəfəsi var".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında deputat Hikmət Məmmədov səsləndirdi.
Onun sözlərinə görə, Qurtuluş Günü fəlsəfəsi üç mühüm ideyadan formalaşır:
"Birincisi, dövləti xilas etmək və dövlət qurmaq; ikincisi, milli həmrəylik və bütövlük; üçüncüsü isə ictimai-siyasi sabitliyin bərqərar edilməsidir. Bu üç paradiqmal ideya tarixin bütün dövrlərində – dünən də, bu gün də, gələcəkdə də aktual olacaq düşüncə tərzidir. Yəni bu, bir millətin dövlət qurmaq qabiliyyətini və istedadını nümayiş etdirir. Lakin sosiologiya göstərir ki, bütün bu şərtlər mövcud olsa belə, onların həyata keçirilməsi üçün lider lazımdır. Millət həmrəyliyi də ola bilər, milli düşüncə də formalaşa bilər, amma bunları təmin edən lider yoxdursa, həmin xalqın siyasi təşkilatlanması dövlətə çevrilə bilməz. Əslində, biz XXI əsrdə Azərbaycan Prezidentinin ifadə etdiyi "Azərbaycan xalqı dövlət qurmaq istedadına malikdir" fikrinin təzahürünü 1993-cü ilin iyun ayının 15-də gördük. Beləliklə, ideyaları əks istiqamətdən sıralasaq, birincisi, sabitliyi təmin etdik; ikincisi, milli düşüncədə və milli həmrəylikdə birliyi təmin etdik; üçüncüsü isə dövləti gələcəkdə daha da möhkəmləndirmək üçün addım atdıq".
NURİYYƏ













